Rusiya Prezidenti Vladimir Putin ölkənin nüfuz dairəsini bərpa etmək istəyir, amma postsovet ölkələri Şərqlə Qərb arasında havada qala bilərlər. Bu haqda “Bloomberg”in saytında Mark Çempion yazır.
1991-ci ildən sonra, Ermənistandan tutmuş Ukraynayadək bütün respublikalar Sovet imperiyasından qoparaq müstəqilliklərini elan edəndə sovet lideri Mixail Qorbaçovun müşaviri onu inandırmağa çalışırdı ki, rəqibi, Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti Boris Yeltsinin yanaşmasını qəbul eləsin: Burax getsinlər.
“Rusiya dirçəldikcə özləri geri dönəcəklər”, – müşavir yazırdı. Yeltsin Rusiyanın ənənəvi nüfuz dairəsini 20 ilə bərpa edəcəyini düşünürdü. “27 il keçir və 15 keçmiş sovet respublikasından ikisində – Moldova və Ukraynada seçkidir. Rusiyanın qələbə çaldığını demək olarmı?” – müəllif sual edir.
“Yeltsinin varisi Vladimir Putin güclü Rusiya dövlətini qura bildi, Krımın ilhaqı kimi cəsarətli addımlar da atdı, Harvarddan tarixçi Serhi Plokhy belə deyir. Elə müşaviri Georgi Şahnazarovun Qoprbaçova məktubu da Plokhynin “Sonuncu İmperiya” kitabında yer alıb. Putinin dövlət quruculuğundakı uğuru asan başa gəlməyib, digər sovet respublikalarını da çəkindirib, üstəlik, onun nüfuz dairəsini bərpa etmək layihəsini də əngəlləyib”, – müəllif vurğulayır.
“Məncə, o, postsovet məkanında uduzmaqdadır. Hər iki şeyi eyni vaxtda etmək istəyir və bunlar ziddiyyətlidir”, – Harvardın Ukrayna Tədqiqat İnstitutunun direktoru Plokhy deyib.
Müəllif Rusiyanın qonşularını müxtəlif yollarla şirnikləndirməyə, yaxud qorxutmağa çalışdığını yazır: ya onlara subsidiyalı qaz təklif edir, ya strateji infrastrukturu alır, gah ticarət və enerji embarqoları qoyur, gah seçkilərə müdaxilə edir, yaxud hərbi gücə əl atır.
“Nəticələr isə qarmaqarışıqdır. Rusiya və dörd eks-respublika AB-nin oxşarı olan Avrasiya İqtisadi Birliyinə qoşulublar. Həmişə seçilən üç Baltik ölkəsi isə çoxdandır NATO və AB üzvüdürlər. Qalan yeddi respublikadan bəziləri əlçatmaz görünür. Putin Krımı Rusiyaya qazandırdı, Rusiya əsgərləri Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarını tutub, amma o, sonucda bu ölkələrin azı ikisilə strateji inteqrasiya şansını itirdi”, – məqalədə deyilir.
(Azadlıq radiosu)