“Paşinyan bütün xarici siyasi dayaqlarını itirməkdədir. Sorosun “rəngli inqilabı” ilə hakimiyyətə gəlmiş keçmiş jurnalist arxasında heç bir beynəlxalq güc, faktor qalmayıb.
Rusiya onu yalvardana qədər üz çevirəcək, İran Azərbaycanla əlaqələri kəskin şəkildə korlamamaq üçün neyral dayanmağa çalışır, Ermənistanın İsraildə səfirini geri çağırması isə onsuz da bu ölkə ilə yaxşı olmayan münasibətləri pisləşdirəcək”.
Bu sözləri Reportyor.info-ya politoloq Ramiyə Məmmədova Azərbaycan – Ermənistan münaqişəsi ilə bağlı beynəlxalq şəraiti şərh edərkən söyləyib. Analitikin fikrincə, Qərb də Paşinyanı tək buraxıb.
“Fransa istisna, heç bir Avropa dövləti Ermənistanı dəstəkləmir. ABŞ-ın başı noyabrın 3-də keçiriləcək prezident seçkilərinə qarışıb. Yaxın Şərq ölkələrinin bu hadisələrə münasibəti heç bir təsirə malik deyil.
Biz Paşinyanın havadar, ağa axtarışında olduğunu, çabaladığını görürük. Bu baxımdan bütün şərtlər lehimizədir, əlverişlidir.
Bu günə qədərki danışıqlar heç bir nəticə verməyib. Bu gün yenidən mövcud danışıqlar yolu ilə münaqişənin uzanmasına gətirib çıxara biləcək heç bir təklif bizim üçün məqbul deyil”, – deyə ekspert bildirib.
Politoloq hesab edir ki, müharibə davam edəcək və proseslərin inkişafından asılı olaraq, hər kəs Rusiyanın davranışını gözləyir.