Hal-hazırda Rusiyanın Volqoqrad şəhərində yaşayan həmyerlimiz, “80-cilər” ədəbi nəslinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblının yeni şeirləri.
***
(R.Acaloğluna məktub)
Aldınmı şerimi, bəy Acaloğlu?
Beş bəndi dostuna dedin, nə dedi?
…dedinmi şer də yahu, bələkdi,
kəfəndi…dostuna dedin, nə dedi?
…keçə xəyalından özləri bir-bir!
…öpülüb doyulmaz izləri bir-bir.
…seçsin, irdələsin sözləri bir-bir;
bu fəndi dostuna dedin, nə dedi?
…şair nə ölçəndi, nə də ölçüdü!
Mövlana göndərib, göydən elçidi.
…haqq bilib yoluna varan yolçudu!
Əfəndi dostuna dedin, nə dedi?
***
Köhə asılqandı dar ağacları,
şahın fərmanları asılır hər gün.
…tökür nallarını nallı çiçəklər,
üzəngi çiçəklər basılır hər gün…
…qalxan çiçəklərin boyları qalxmır!
…havamı?..hava da çiçək havası.
…çörək adamları döyüşdən gəlir,
gedir küçələrdə çörək davası.
…sərkərdə çiçəklər əli yalındı,
tarix döngəsində düşüb tacları.
…döyüş günündədi çiçək adamlar-
hər gün çiçəkləyir dar ağacları.
***
Bir babam varıydı qarı dünyada…
Qarısı yanında qarıyırdılar.
…ətini tökmüşdü şux bədənləri,
anamın südü tək quruyurdular.
…belə gəlib keçdi babamın əsri,
qəmim də könlümə hasardı, neylim!
…bu gün bir kitablıq şerin yerinə
babam deyənləri yazardım, neylim!
…yazıb surətini çıxarıram mən,
mənim ürəyimin əzab əslidi.
…o babamın əsri, bu mənim əsrim!
Neylim, mənim əsrim əsəb əsridi.
Onun meyvəsiyəm bu əsrə qalan!
Gəl apar meyvəni, qaytar ağacı.
…babam deyənləri yaza bilərdim!
Nə cəllad olardı, nə dar ağacı.
Ən çox inandığı çal papağıydı!
Damında bir naxır mal yaşayırdı.
…bir babam varıydı, axı, varıydı!
…bir də bir həqiqət- lal yaşayırdı.
Paşa Talıblı