“Bu gün korrupsiyaya qarşı mübarizə çərçivəsində atılan addımlar 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra start verilmiş islahatların tərkib hissəsidir”.
Bu sözləri Yenisabah.az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev icra başçılarının həbsinə və Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyata münasibət bildirərkən deyib.
Fuad Əliyev əlavə edib ki, uzun illər Azərbaycanda müxtəlif icra strukturlarında korrupsiya faktlarının olması barədə çıxışlar edilib. “Biz də dəfələrlə bu barədə danışmışıq. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə icra başçılarının həbsi ilə məhdudlaşmamalıdır.
Digər tərəfdən mübarizə sistemli xarakter daşımalıdır. Bu gün hansı icra strukturlarının əksəriyyətində korrupsiya faktları aşkarlamaq mümkündür.
Ona görə də yalnız icra başçılarının həbsi ilə problemi həll etmək mümkün olmur. İdarəetmə sistemi dəyişməlidir. Amma hər bir halda atılan addımları müsbət qarşılayıram”, – deyə ALDP sədri vurğulayıb.
Fuad Əliyevin fikrincə, proses davamlı olacaq: “Hesab edirəm ki, bu proses davam edəcək və elan edilən islahatlara uyğun olaraq müvafiq addımlar atılacaq”.