020-ci il dünya və Azərbaycan üçün sürprizlərlə dolu başladı. İranlı general Qasim Süleymaninin öldürülməsindən tutmuş Ukrayna təyyarəsinin səhvən vurulmasına, Azərbaycanda icra başçılarının həbsindən koronavirus pandemiyasına, iqtisadi çalxalanmalara, ABŞ neftinin 0 dollar qiymətinə düşməsinə qədər qaynar xəbərlərlə bol olan 4 ayı geridə qoymuşuq.
Artıq ilin 5-ci ayı başlayır. Mart-aprel ayları tam itki ayları kimi qiymətləndirilə bilər: Ölkədə iqtisadiyyat tam dayandı. Müəssisələr işləmədi, sərhədlər bağlandı, ticarət azaldı, turist gəlmədi, hotellər, kafe-restoranlar qapadıldı, ticarət mərkəzləri fəaliyyətini dayandırdı. Yəni həyat və iqtisadiyyat dondu.
Mayın 4-də isə karantin rejimi bitir, aprelin 27-dən artıq karantin yumşaldılıb, bəzi dükanlar işini bərpa edib. Amma yerdə qalan aylarda bu itkləri bərpa edə biləcəyikmi?
Nəzərə alsaq ki, Bakı nefti də dünya bazarında kəskin şəkildə ucuzlaşıb, gəlirlər azalıb, bu halda dövlət iqtisadiyyatı necə dirçəldəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli Musavat.com-a 2020-ci ilin son 4 ayının nəticələri ilə bağlı danışarkən bildirdi ki, Azərbaycan iqtisadiyyatı ikitərəfli təzyiq altındadır.
Onun sözlərinə görə, həm neft qiymətlərinin kəskin düşməsi ölkəyə daxil olan valyuta ehtiyatlarına, ticarət balansına, həm də karantinlə əlaqədar iqtisadiyyatın durma nöqtəsinə gəlməsi, bir çox sahələrin tamamilə qapadılması, icazəsi olan sahələrdə isə müştəri qıtlığı iqtisadiyyata mənfi təsir göstərir.
N.Cəfərli hesab edir ki, aprel ayının rəqəmləri bizi həddən artıq təəccübləndirəcək: “Çünki xarici ticarət dövriyyəsində, ÜDM-in artımında ciddi geriləmə ehtimalı var. Düzdür, hökumət tərəfindən bəzi proqramlar qəbul olunub. Amma yetərli sayıla bilməz.
Eyni zamanda həmin proqramlar iqtisadiyyatın yenidən işə salınması üçün nəzərdə tutulmayıb. Sadəcə, pandemiya dövründə zərər çəkənlərdən 600 min nəfərə yardım olunub və biznesə müəyyən vergi güzəştləri edilib.
Yəni sırf bu ayları ağrısız keçirmək üçün dəstək proqramları nəzərdə tutulub. Bu, vacib nüansdır. Əslində iqtisadiyyatın yenidən işə salınması üçün əlavə proqramlara ehtiyac var”.
N.Cəfərli onu da bildirdi ki, hökumətin atacağı addımlardan asılı olmayan səbəblər də var: “Hazırda virusun ikinci dalğasının yayılması dünyada müzakirə olunur. Ona görə karantin rejimi bitsə belə yanvar və fevraldakı vəziyyətə qayıtmaq mümkün olmayacaq.
Bu mənada bir çox sahələr uzun zaman indiki reallığa uyğunlaşmaq məcburiyyətində qalacaq, ictimai iaşə gec işə düşəcək, turizm üçün itirilmiş ildir, yəni turizm olmayacaq, habelə xidmət sahələrində də ciddi problemlər var. Ona görə yeni dəstək proqramlarına ehtiyac yaranır”.
Ekspertin sözlərinə görə, ölkədəki işsizliyi nəzərə alsaq, biznes üçün əsas məsələ ucuz və uzunmüddətli kreditlərə çıxış imkanlarının olmasıdır:
“Dünyanın hər yerində bu addımlar atılır. Kreditlər ucuzlaşmalı və uzunmüddətli olmalıdır. Ən azı ilin sonuna qədər iqtisadiyyatda ciddi şəkildə daralma görəcəyik.
Odur ki, postpandemiya dövrünü indidən düşünmək lazımdır, ilin sonuna qədər hansı nəticələr olacağı analiz edilməlidir və gələn il üçün planlar qurulmalıdır. İlk növbədə kiçik və orta sahibkarlıq ciddi dəstək almalıdır. Bu, iqtisadi canlanmaya səbəb ola bilər”.