Nizami Rayon İcra Hakimiyyəti tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində işlər davam etdirilir. Belə ki, Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 24-də orta ümumtəhsil məktəblərinin, kollec və liseylərin və peşə mərkəzinin psixoloqlarının iştirakı ilə “Orvita” Psixoloji Reabilitasiya Mərkəzində növbəti tədbir təşkil edilib.
Reportyor.info xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhman Hüseynov, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Könül İsmayılova və “Orvita” Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı çıxış eediblər.
Çıxışlarda uşaq hüquqları haqqında qanunvericiliyin və qəbul olunmuş beynəlxalq sənədlərin müəyyən etdiyi məsələlər, uşaq yaşlarından psixoloji hazırlılığın aşılanmasının vacibliyi, uşaqları müdafiə sisteminin gücləndilməsi, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, münaqişələrdən və dini ekstremizmdən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi məsələləri, habelə çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılıq halları və onların qarşısının alınması üçün həyata keçirilən tədbirlər və digər vacib məsələlər barədə məlumatlar verilib, iştirakçılara öz iş fəaliyyətlərində bu məsələləri nəzərə almaları tövsiyə edilib.
Tədbirin sonunda “Orvita” Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığı məqsədilə təlim keçirilib. Təlimdə psixoloqlara nəzəri və praktiki bilgilər verilib, həmçinin onlar Mərkəzin iş fəaliyyəti ilə tanış olublar.
























