Sosial mediada Nigeriyada “Hilda Baci” kimi tanınan 27 yaşlı Hilda Bassey Effiong 11 May Cümə axşamı günü Laqosda başladığı yemək marafonunu 100 saat davam etdirərək rekord qırıb. Şorbadan güveçə onlarla Nigeriya yeməyi hazırlayan və Qərbi Afrikanın ən məşhur yeməklərindən biri olan Jollof düyüsü hazırlayan Hilda Baci, Nigeriya mətbəxini ön plana çıxarmaq vəzifəsini öz üzərinə götürdüyünü bildirdi. “Reseptlər nə qədər çox yayılsa, bir o qədər çox insan onu sınamağa hazır olacaq” dedi Baci.
Nigeriya prezidenti Muhammadu Buhari də, Hilda Bacinin bazar ertəsi rekordu qırdıqdan sonra sosial media hesabından paylaşaraq, Nigeriya üçün əla bir gün olduğunu ifadə edərək, “Hildanın arzusu, ehtirası və dözümlülüyü Nigeriya yeməklərinə böyük maraq göstərdi” dedi.
Ginnesin Rekordlar Kitabının bəyanatında deyilir: “Rekord cəhdindən xəbərdarıq. Bunu rəsmi olaraq təsdiqləməzdən əvvəl Rekordlar İdarəetmə Qrupumuzun nəzərdən keçirəcəyi sübutları almağı səbirsizliklə gözləyirik”.
Son dünya rekordu hindistanlı aşpaz Lata Tondona məxsusdur. Tondon 2019-cu ildə 87 saat 45 dəqiqə yemək bişirməklə Ginnesin Rekordlar Kitabına düşüb.