İsrail administrasiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan yazı və bəyanatlarına rəsmi Ankaradan cavab gecikməyib.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda İsrail Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt ifadələr işlədilib.
Türkiyəli nazirin paylaşımında bu ifadələr yer alıb: “Prezidentimiz bəşəriyyətin vicdanının səsinə çevrilib. Bu haqq səsini boğmaq istəyən beynəlxalq sionist dairələr, xüsusən də İsrail böyük təşviş içindədir. Tarix bütün soyqırımlar və onların tərəfdarları üçün eyni şəkildə başa çatıb”.
Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən gün verdiyi açıqlamada İsrailə hərbi müdaxilə edə biləcəklərinə eyham vurub. Bunun üzərinə bir sıra İsrail rəsmiləri Ərdoğan haqqında təhqiredici açıqlamalar veriblər.