“Bakıda 162 məktəbdə baş vermiş hadisə və 2 gün sonra şagirdin ölümü bizim üçün sarsıdıcı oldu”.
Bunu təhsil naziri Ceyhun Bayramov “ASAN” radioya müsahibəsində deyib. O bidlirib ki, bir neçə gün öncə Bakı şəhər məktəblərinin direktorları ilə iclas keçirilib: “Hesab edirəm ki, məktəb psixoloqu, sinif rəhbərləri fənn müəllimləri fənləri tədris etməklə yanaşı, şagirdlərin psixoloji durumundan da xəbərdar olmalıdır. Bütün bu işlər isə valideynlərlə əlaqəli həyata keçirilməlidir. Valideyn hər zaman sinif rəhbərləri ilə, müəllimləri ilə əlaqədə olmalıdır. Müəllim də valideyni tanımalıdır”.
Nazir qeyd edib ki, yüksək sosial risk faktoru olan şagirdlərə xüsusi diqqətin göstərilməsi vacibdir: “Bütün bunların edilməsi üçün məktəb kollektivi hər bir şagirdi tanımalıdır. Düzdür, bu, çətin prosesdir. Ancaq hesab edirik ki, valideynlərlə sıx əlaqədə olmaqla bunları etmək mümkündür. Yaxın vaxtlarda yeni normativlər də qüvvəyə minəcək. “Qaynar Xətt” yaradılır, “Məktəblinin dostu” layihəsinin genişləndirilməsi aparılacaq”.
Nazir deyib ki, dünyanın elə bir ölkəsi yoxdur ki, orada təhsillə bağlı tənqidlər olmasın. O bildirib ki, təhsillə bağlı tənqidlər təbii qəbul edilməlidir: “Təndiqlər müxtəlifdir. Hətta onların faydalı olanları da var. Yaxşı olardı ki, tənqidlər konstruktiv olsun və statistikaya söykənsin. Belə olan halda biz hər hansı məsələni daha tez həll edə bilərik. Biz bunu təbii qəbul etməliyik. Çünki elə bir ailə yoxdur ki, onun təhsillə əlaqəsi olmasın. Biz bunu normal qarşılamalıyıq”.