Rusiya-Ukrayna müharibəsinin ilk günlərində qarşıda ciddi taxıl böhranının olacağı ehtimal edilirdi. Bu ehtimal artıq ciddi bir təhlükəyə çevrilib. Rəsmi Kiyevin məlumatına görə, bugünədək Rusiya Ukraynadan 500 min tondan çox taxıl oğurlayıb. Eyni zamanda, Rusiya donanması Ukrayna dəniz limanlarında gözləyən 22 milyon tondan çox taxıl ixracının qarşısını alır. Baş verən hadisələr fonunda BMT bildirib ki, Rusiyanın Ukraynadan taxıl ixracına əngəl olması ciddi aclıq və məcburi kütləvi miqrasiyaya səbəb olacaq.
Axar.az xəbər verir ki, bu faktlar dünya ölkələrini hərəkətə gətirib.
Böyük Britaniya Ukrayna taxılını mühasirədən çıxarmaq üçün Kiyevin taxıl daşıyan gəmilərini müşayiət edəcəyini rəsmi şəkildə bəyan edib. Hərbi gəmilərini Qara dənizə göndərməyi planlaşdıran Britaniya artıq müttəfiqlərilə də bu barədə müzakirələr aparır. Rəsmi Londonun təşəbbüsünə qoşulmaq istəyən ölkələrin də sayı az deyil. Çox güman ki, bir neçə NATO üzvü, əsasən də taxıl idxalından asılı olan ölkələr Britaniyanın yanında olacaq. Ekspertlərin fikrincə, belə bir əməliyyat üçün ABŞ-ın dəstəyinə ciddi ehtiyac var. ABŞ isə Böyük Britaniyanın bu təşəbbüsünə öz dəstəyini nümayiş etdirərək, taxıl gəmilərinin mühasirədən çıxarılması üçün uzaqmənzilli raketlərini göndərib.
Ukrayna XİN başçısı isə Qərbin bu əməliyyata cəsarətinin çatacağına inanmadığını bildirib.
Çin də baş verən hadisələrdən kənar qalmaq istəmir. Pekin rəsmiləri indiki şəraitdə Rusiya və Ukraynadan taxıl ixracını təmin etmək üçün tez bir zamanda yaşıl dəhliz formalaşdırmağı təklif edir.