Azərbaycanda da vaxtaşırı sosial şəbəkələri bağlamaq, fəaliyyətini məhdudlaşdırmaq təklifləri səslənib. Lakin prezident İlham Əliyev ölkədə internetin azad olduğunu bəyan edib.
Baxmayaraq ki, “facebook”, “yutub” kimi platformalarda ən çox təhqirə məruz qalan elə dövlət başçısı və ailəsidir. Bununla belə, hökumət və rəsmiləri sosial medianın işini tənzimləməyi gündəmə gətirməyiblər.
Əslində, bütün hökumətlər sosial şəbəkələrin gücü ilə hesablaşmalıdırlar və qanunvericiliyə hansısa dəyişiklik, tənzimləyici prosedurlar effekt vermir, internet ucsuz-bucaqsız bir kainatdır.
Bəs, Türkiyədə olduğu kimi qanunvericiliyə dəyişikliklə sosial şəbəkədə söyüş, təhqir dalğasını dayandırmaq mümkündürmü? Cəzalar effektli ola bilərmi?
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə “Yeni Müsavat”a söyüşlə mübarizənin başqa yolları olduğunu açıqladı. Onun fikrincə, internetlə mübarizə normal məntiq deyil:
“İnternetin verdiyi üstünlüklər var. Məsələn, sən Bakıda oturub, ünvanını dəyişə və özünü Avstraliyada göstərə bilərsən.
Bu mənada şəxsiyyətin təhqir olunması ictimai qınaqla daha çox tənzimlənə bilər. Eyni zamanda hüquqi müstəvi var, söyüş məhkəmə predmentinə çevrilə bilər. Dünyanın hər yerində belə mülki işlərin açılması halları var. Azərbaycanda da etmək olar”.
N.Cəfərli hesab edir ki, amma sosial mediada əngəllər yaradılması, fəaliyyətinin qanunla tənzimlənməsi məntiqli yanaşma deyil: “Vətəndaş cəmiyyəti üzvləri, ziyalılar, sözü eşidilən insanlar birgə kampaniya aparmalıdırlar ki, söyüş, təhqir yolverilməzdir, istifadədən çəkinsinlər.
Bu zaman həmin qruplar marginallaşacaq. Bizdə təhqirə maraq var. İntellekt səviyyəsi sıfıra yaxın olan, xüsusən xaricdə oturan adamlar var ki, söyüş dolu videolar çəkirlər. Baxırsan ki, həmin videoların cəmiyyət üçün heç bir informativ çəkisi yoxdur, amma maraq doğurur.
Əgər ictimai qınaq güclənsə həmin adamlar gündəmdən düşəcəklər, bu cür özünüifadə forması marginallaşacaq. Hesab edirəm ki, doğru olan yol budur”.