Bakının daha bir mərkəzi rayonunun rəhbərinin dəyişməsi gözlənilir. Reportyor.info-nun verdiyi məlumata görə, paytaxtın Nəsimi rayon icra başçısı Asif Əsgərovun da vəzifəsindən azad olunacağı haqda iddialar yayılıb.
Ötən həftə Nərimanov rayon icra başçısı olmuş Abdin Fərzəliyevin vəzifəsindən azad edilərək Abşerona təyin olunmasının ardınca A.Əsgərovla da bağlı oxşar sərəncam gözləntisi var. Bununla şəhərin mərkəzi icra hakimiyyətlərində kadr islahatlarına başlanmasına hazırlıq gedir.
Məqsəd adı illərlə korrupsiya və maxinasiyalara, neqativ hallara qarışmış məmurlarla ya vidalaşmaq, ya da onları ətraf bölgələrə göndərməkdir. Bu mənada Nəsimi rayon icra başçısı A.Əsgərov da növbədədir. Bundan öncə Səbayeli viran qoymuş icra başçısı son illər də Nəsimi rayonunu talan edib, yaşıllıqları kəsdirib yerlərini tikintilərə qurban verib. Eyni zamanda, onun adı oğlunun avtoqəza işinə görə mediada çox hallanıb.
Bundan başqa, hakimiyyət Bakının mərkəzi ərazilərində artıq yeni kadrlara üstünlük vermək istəyir. Prezident Administrasiyası köhnələrlə işləmək istəmir və A.Əsgərov da bu xüsuda işini itirə bilər.
17 ildir müxtəlif rayonlara başçılıq edən A.Əsgərovun adı mətbuatda korrupsiya, məmur özbaşınalığı, “yaşıl soyqırım”dan başlayaraq seçki saxtakarlığına qədər ən müxtəlif qalmaqallarda hallanıb. Hələ oğlunun “avtoşluq” edərək günahsız bir insanın ölümünə səbəb olması və sonra rahat şəkildə azadlıqda gəzməsi ilə bağlı xəbərləri demirik.