“Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bir sıra məsələlərə toxunub. Hər kəlməsini bir bəyanat kimi səsləndirdi və istər ölkə daxilindəki bəzi radikal qüvvələrə, istərsə də ölkəmizə dost olmayan dövlətlərə birbaşa mesajlarını verdi”.
“İki sahil” xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezidentin sözügedən çıxışını şərh edərkən bildirib.
Könül İsmayılova bildirdi ki, Azərbaycanın demək olar ki, bütün sahələrdə əldə etdiyi uğurlar bu gün nəinki beynəlxalq təşkilatları, ermənipərəst qüvvələri, eyni zamanda Azərbaycanın daxilində olan radikal qüvvələri də narahat etməyə başlayıb:
“Öz ölkəsinin xeyrini, uğurunu həzm edə bilməmək şəxsən mənim üçün anlaşılan deyil. Ölkəmizin adı güc dövlətləri ilə yanaşı çəkiləndə, ən adisini deyim – idmanında, musiqisində belə bayrağımız yüksəyə qaldırılanda, hətta küçədən keçərkən himnimizin səsləndirilməsini eşidəndə azərbaycanlı olmağınla fəxr etməmək olmur, adamın ruhu fərəhlənir. Təbii ki, bu hisslər əsl azərbaycanlıya məxsusdur. Amma təəssüflər olsun ki, bu gün də ətrafımızda Azərbaycanı sevməyə-sevməyə onun sərvətindən yararlanan xainlər, ikiüzlülər var”.
Bu günlərdə Gədəbəydə baş verən hadisəyə diqqət çəkən K.İsmayılova vurğuladı ki, sosial şəbəkələrdə bildilər-bilmədilər yalandan hadisə zamanı sakinlərin, əsasən anaların təzyiqə məruz qalması vayşüvənliyini edənlər məhz ölkə daxilində xaos yaratmaq istiyənlər olub:
“Polisə daş atmaq narazılığın ifadəsidirsə, onda kimin sözü polislə çəp düşərsə bir daş götürüb çırpmalıdır onun başına? Bu nə cəngəllik düşüncəsidir? Sən polisə daş at və denən ki, mən nə etsəm də o etməməlidir. Niyə? O da bir ananın övladı deyilmi? Prezident də çıxışında bildirdi ki, artıq o hadisədə əli olanlar məsuliyyətə cəlb edilib və onları xaricdən idarə edənlər axtarışdadır. Milli maraqları heçə sayan antimili ünsürlər unutmasın ki, xaos, özbaşınalıq dövrü çoxdan başa çatıb.
Bu baxımdan deyirəm ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış və sair məsələlərimiz olduğu bir vaxtda süni şəkildə daxildə çəkişmələr yaratmaq yalnız Azərbaycana düşmən olanların missiyası ola bilər”. Könül xanım qeyd etdi ki, hər şeyə rəğmən ölkəmizdə siyasi, sosial-iqtisadi proseslər öz axarında gedir və Prezidentin çıxışında sadalanan uğurlar Azərbaycanın bütün çətinliklərə baxmayaraq inamla irəliləməyə davam etməsindən xəbər verir.
Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması prosesinin hələ də gözləmədə qaldığına diqqət çəkən xanım siyasətçi hesab edir ki, Rusiya, Fransa, digər maraqlı tərəflər olmasa bəlkə də Paşinyan çoxdan razılığa gəlmişdi:
“Düzdür, Paşinyan bütün görüşlərdə sülh sazişinin önəmindən və yeganə çıxış yolu olduğundan danışır, amma elə ki, hər danışıqdan sonra Rusiyaya, Fransaya, Yerevana gedir, o zaman yenidən fikrindən daşınır. Buna görə də yaxın zamanlarda sülh sazişinin bağlanacağı inandırıcı görünmür. Görünür, Paşinyanın dərsi bir daha verilməlidir, Ermənistan bir daha Azərbaycanın DƏMİR YUMRUĞunu görməlidir ki, qəti qərar versin.
Hələ ki, Azərbaycan bu yöndə səbr göstərir, amma səbrin də bir sonu var. Elə Rusiya sülhməramlıları üçün də bu səbr keçərlidir. Yəni erməni separatçılarını açıqdan-açığa himayə etməklə artıq öz missiyalarının heç də xoş olmadığını göstərmiş olurlar. Ümid edirəm ki, onların da missiyasına yaxın zamanlarda son qoyulacaq”.