Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində övladını rus sektoruna qoymaq istəyən valideynlər 4 saylı tam orta məktəbdə yerlərin olmamasından narahatdırlar. Bu haqda bəzi KİV-lər və sosial media yazıb.
Reportyor.info isə məsələnin kökündən yanlış olduğunu aydınlaşdırıb. Çünki şagird qəbulu məktəb direktorunun nəzarəti ilə həyata keçirilmir. Hətta bu prosesdə yerli təhsil şöbəsi belə iştirak etmir. Ona görə istəsə belə direktor əlavə sinif aça bilməz.
Təhsil ictimaiyyəti bilir ki, şagird qəbulu elektron qaydada aparılır, hər hansı insan faktorunun təsir imkanı yoxdur. Hər bir məktəbə nazirlik tərəfindən ayrılan sinif sayı var və ondan kənara çıxmaq mümkün deyil.
Təbii ki, Masazır böyük qəsəbədir, əhali sayı çoxdur, regionlardan gələrək burada məskunlaşanlar da var və istər-istəməz şagird qəbulunda çətinliklər meydana gəlir.
Xüsusən də son illərdə ölkədə rus sektoruna olan hədsiz maraq və tələbat ciddi problemlər yaradıb. Amma bu məsələlərin həlli 4 saylı tam orta məktəbdən və direktoru Roza Məmmədovadan asılı deyil.
Sözügedən ərazidə yaşayan jurnalist Arifə Əliyeva da təsdiqləyir ki, şagirdlərin qəbulu, məktəbdən məktəbə yerdəyişməsi elektron qaydada həyata keçirilir.
Jurnalist qeyd edir ki, 2 ildir övladının məktəbini dəyişə bilmir: “Öz yaşadığım əraziyə, yaxın yerdə olan məktəbə keçirə bilmirəm. Çünki ümumi problemdir və ümidvaram ki, gələcəkdə sinif sayları, yerlər artırılacaq.
Əslində problemə başqa rakursdan baxmalıyıq ki, niyə rus sektoruna bu dərəcədə tələbat artıb? Ona görə bir məktəbdə rus sektoru üçün 2 sinif ayrılıbsa, nazirlik tərəfindən elektron şəkildə qayda-qanunla qəbul keçirilirsə, buna görə nə məktəb direktorunu, nə təhsil şöbəsini günahlandırmaq olmaz.
Mən valideynləri də başa düşürəm, özüm də üzləşdiyim problemi qeyd elədim, amma gəlin obyektiv yanaşaq, bu işlər direktorun səlahiyyəti çərçivəsində deyil. İnanıram ki, qarşıdakı dövrdə hökumət səviyyəsində bu işlərə baxılacaq”.




















