Cəlilabad sakini Saməddin Məmmədov video bloger fəaliyyətinə görə həbs edildiyini bildirir. Reportyor.info xəbər verir ki, onun oğlu, Vətən müharibəsi qazisi Nahid Məmmədov atasının həbsi ilə bağlı dövlət rəhbərliyinə müraciət edib.
Qazi atasının həbsində Cəlilabadın icra başçısı Rafiq Cəlilovu, rayonun deputatı Malik Həsənovu və onun qardaşı, Prezident Administrasiyasında şöbə müdiri olan, həm də bölgənin kuratoru Kərəm Həsənovu günahkar bilir. N.Məmmədov atasının heç bir cinayətə yol vermədiyini söyləyib. Onun sözlərinə görə, atası şəhid ailələrinin, qazilərin problemlərini çəkirdi: “Problemimiz var, bu faktdır. Mənim atam nə edib ki? Kərəm Həsənov və Malik Həsənov, şəxsiyyətimi bir kilo qəndə, bir cücəyə, pula ala bilməzsiniz. Bu məsələ barədə ölkə rəhbərliyinə borc edib onlarla teleqram vurmuşam. Amma xeyir olmur”.
Qazi deyib ki, Cəlilabadda rüşvətxorluq, özbaşınalıq yaradılıb: “Mənim topum yox, topxanam yox. Ona görə sosial şəbəkədən müraciət etdim.
Atam özünün yox, şəhid ailələri və qazilərin problemini çəkirdi. Bu işlər Kərəm Həsənov, Malik Həsənov kimilərin oyunudur.
Mən erməniyə güllə atmışam, Cəlilabadın icra başçısına atmamışam axı?! Bu haqsızlıq, ədalətsizlik olan yerdə yaşamaq istəmirəm”.




















