Operativ Qərargahın bu gün keçirilən iclasında karantin rejiminin yumşaldılması ilə bağlı qəbul edilən qərarlar açıqlanıb.
Belə ki, may ayının 31-dən etibarən ölkəmizdə bəzi qadağalar ləğv olunur.
Lakin ləğv edilən qadağaların siyahısına teatrlar bu dəfə də daxil edilmədi. Teatrların bağlı qalmasına görə aktyorlar arasında narazılıq getdikcə artır.
Məsələ ilə Yenisabah.az-a danışan Xalq artisti Məleykə Əsədova tibbi qaydalara əməl olunmaq şərtilə teatrların açılmasını zəruri hesab edib:
“Əlbəttə, bütün həmkarlarım kimi mən də teatrların açılmasını istəyərdim, amma sosial məsafəni və tibbi qaydaları gözləməklə. İstəyərdim ki, tamaşalar olmasa belə, heç olmasa məşqlər başlasın. Artıq mövsümün axırıdır, açılsa da yəqin ki, sentyabr ayından olar. Bir ildən çox teatrsız mən də çox darıxdım, obrazlarım üçün darıxdım. Teart səhnəsinə çıxmaq üçün darıxmışam, iş yoldaşlarımdan ötrü çox darıxmışam… Bu bir ili tetatrsız qalsam da evdə boş oturmadım, işlədim. Boş zamanımda çoxlu şeirlər yazdım. Boş zamanım olmadı, yaradıcılıq işlərimlə məşğul oldum. Amma bütün bunlara baxmayaraq, səhnə tamam ayrı şeydir, səhnə üçün çox darıxmışam. Tamaşaçı alqışı üçün hədsiz dərəcədə darıxmışam”.