“Sərhədlərin bağlanması səbəbindən atamla bağlı məlumat əldə edə bilmirik”. Bu barədə Reportyor.info-ya erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Küdroğlu Əsgərov bildirib.
O bildirib ki, dünyada koronavirus yayıldıqdan sonra atası ilə heç bir məlumat əldə edə bilməyib. K.Əsgərov məhz bu səbəbdən ölkə prezidentinə müraciət edib:
“Atam Dilqəm Əsgərovun və onunla yanaşı saxlanılan dostu Şahbaz Quliyevin durumu son günlər bizi xüsusilə narahat edir. Artıq uzun müddətdir atamla əlaqə yarada bilmirik.
Sərhədlər bağlandığından Beynəlxalq Qırmızı Xaç Komitəsi də bizə hər hansısa məlumat verə bilmir. Biz başa düşürük ki, bu, sərhədlərin, bütün əlaqələrin müvəqqəti olaraq bağlanması ilə bağlıdır.
Ancaq koronavirusun yayılması ilə narahatlığımız daha da artıb. Mən mətbuat vasitəsilə ölkə prezidenti İlham Əliyevə müraciət etmək istəyirəm.
Xahiş edirəm, komitə əməkdaşlarına imkan yaradılsın ki, mənim atamla görüşüb bizə məlumat verə bilsinlər. Ölkə rəhbərliyindən özüm və ailəm adından xahiş edirəm. Bizə hazırda onların səhhəti ilə bağlı məlumat lazımdır. Biz narahatıq və atamın necə olması, sağlamlığı bizi narahat edir”.