Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə ən azı son bir həftədir ki, müsbət tendensiya müşahidə edirik. Əvvəlki həftələrdə infeksiyaya yoluxanların gündəlik sayı 550-580, hətta 600 nəfər civarında idisə, hazırda rəqəmlər ürəkaçandır.
Ümumi götürsək, hər gün 320-390 nəfərdə COVİD19 testi pozitiv çıxır, sağalanlar isə müsbətə doğru kəskin fərqlənir. Faktiki, son bir həftədə sağalanların sayı 500-dən yuxarıdır. Lakin üzücü statistika koronavirusdan ölənlərlə bağlıdır. Koronavirusa yoluxmalar azalsa da, ölüm sayı azalmır – gündəlik 8-12 nəfər arası…
Doktor Vasif İsmayıl bununla bağlı “Yeni Müsavat”a bildirdi ki, gündəlik yoluxma ilə itirilən insan sayına yanaşma fərqli olmalıdır.
Onun sözlərinə görə, yoluxmanın artması və ya azalması cəmiyyətdən, insanların karantin şərtlərinə, gigiyenik qaydalara əməl etməsindən asılıdır. V.İsmayılın fikrincə, ölənlər süni nəfəs aparatına bağlananlardır. “Amma ölənlərin də sayında stabilləşmə müşahidə edilir və getdikcə onların da sayı azalacaq. Düşünürəm ki, sərt karantin rejiminin nəticələri vəziyyəti bu səviyyəyə gətirib çıxarıb”. Bununla belə, həkim avqustun 5-dən sonra karantin rejimində tam açılışın tərəfdarı deyil: “Müəyyən sahələrə işləmək imkanı, dükanlara fəaliyyət icazəsi verilə bilər. Amma qəfildən hər şeyi açmaq, karantini tamamilə yumşaltmaq düzgün olmaz. Bu proses mərhələli getməlidir”.
V.İsmayıl telekanallarda koronavirusla bağlı maariflənmə işlərinin zəif getməsindən narazıdır. Onun sözlərinə görə, bu istiqamətdə yetərli iş aparılmır. Doktor koronavirus vaksinlərinin hazırlanacağına da ümidlüdür və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunacağına inanır.




















