Keçmiş müsavatçı, ADR hərəkatının üzvü olan təcili yardım həkimi Zakir Xəlilovun koronavirusdan dünyasını dəyişməsi cəmiyyətdə müzakirələrə yol açıb.
Onun hansı şəraitdə bu xəstəliyə yoluxması, necə müalicə alması barədə məhdud informasiyalar var, ailəsi tərəfindən heç bir fikir bildirilmir, rəsmi açıqlama da yoxdur.
Əvəzində isə Müsavat Partiyası ilə ADR arasında Z.Xəlilovun hansı təşkilatın üzvü olması mübahisə mövzusuna çevrilib.
Professor Adil Qeybulla Musavat.com-a bildirdi ki, Z.Xəlilov sağlam insan idi, heç bir xroniki xəstəliyi olmayıb.
A.Qeybullanın sözlərinə görə, Z.Xəlilov pensiyada olsa da, vicdanlı həkim kimi koronavirusla mübarizəyə könüllü qoşulub:
“Bir müddət sonra özündə narahatlıq hiss etməyə, öskürməyə başlayıb. Test edildikdən sonra koronavirus pozitiv çıxıb. O, kəskin ağciyər çatışmazlığından dünyasını dəyişib”.
A.Qeybulla qeyd etdi ki, ailəsi ilə əlaqə saxlanıb: “Ailəsi ilə danışmışıq. Sadəcə, karantinlə əlaqədar əlimizdən bir iş gəlmir.
Zakir Xəlilov vicdanlı bir həkim idi. Gördüyünüz kimi, əsgərlər torpağın keşiyindədirsə, həkimlər də genefondumuzu qoruyurlar.
Zakir bəyin fədakarlığı buna bir nümunədir. Çox təəssüf ki, sosial mediada həkimlərin ünvanına lüzumsuz hədyanlar yazanlar olur.
Bu gün bütün dünyada koronavirusla mübarizə aparan həkimlərlə bağlı tədbirlər görülür, xeyli sayda həkim koronavirusun qurbanı olub, ona görə, Azərbaycan da müəyyən addımlar atmalıdır”.
ADR hərəkatının sədr müavini Ellada Məmmədli isə Musavat.com-a dedi ki, Z.Xəlilovun dəfnində bacısı, qardaşı, xalası oğlanları və iki məmur iştirak edib.
O, Sulutəpədə yerləşən məzarlıqda torpağa tapşırılıb. E.Məmmədlinin sözlərinə görə, ailəsi ilə əlaqə saxlayıb, həyat yoldaşı heç kəslə danışmaq və görüşmək istəmir: “Onun heç bir xəstəliyi yox idi. Zakir bəylə mütəmadi görüşürdük. Sonuncu dəfə martın 15-də ADR-in iclasında iştirak etmişdi, orada görmüşdüm.
Bütün həkimlər kimi onun da yuxuya ehtiyacı varıydı, gözlərini tuturdu. Siz Adil Qeybullada da yuxu ehtiyacını görə bilərsiniz. Yəni, rəhmətliyin başqa heç bir problemi yox idi. Zakir həkim pozitiv, gümrah insan idi”.
E.Məmmədli bildirdi ki, Z.Xəlilov bir neçə koronavirus xəstəsinin müayinəsi ilə məşğul olub: “Sonra özü 20 gün xəstəxanada yatıb, hərarəti olub. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriblər.
Təşkilat üzvləri ilə danışanda demişdi ki, narahat olmayın, kəfəni yırtmışam. Amma sonra vəziyyəti ağırlaşıb, nəfəs darlığına görə aparata qoşublar”.
E.Məmmədli qeyd etdi ki, onun hansı təşkilatın üzvü olması ilə bağlı müzakirələri təəssüflə qarşılayır:
“Müsavat Partiyası bu məsələdə tələskənliyə yol verib onu siyahıya əlavə etdi. Zakir Xəlilov ADR-in Nəsimi rayon təşkilat komitəsinin üzvü idi, iclaslara fəal şəkildə qoşulurdu.
Sadəcə, nəyisə öz adına yazmaq Arif Hacılının xüsusiyyətidir. Biz burada vəfat edən şəxs davası etmirik, amma obyektivlik lazımdır.
Ailəsi qarşısında da üzüqarayıq ki, yasında iştirak edə bilmədik. Bir yandan da ailəsi danışmaq istəmir. Görünür ki, onlara belə deyilib”.
68 yaşlı Z.Xəlilovun iki övladı var. O, Qobustanda və Yasamalda təcili yardım stansiyalarında işləyirmiş.
Pressklub.az yaxınlarından birinin adını çəkmədən ona istinadla yazıb ki, Xəlilov koronavirusa martın ortalarında Yasamal rayonunda Təcili Tibbi Yardıma müraciət edən bir xəstədən yoluxub.
Deyilənə görə, həmin çağırışa başqa həkim getməliymiş, amma imtina edib: “O xəstə analiz verməmişdi, virus daşıyıcısı olduğu bilinmirdi. Amma qızdırması 40-a yaxın olub. Güman olunur ki, ondan yoluxub.
Bir həftə sonra simptomlar özünü göstərməyə başladı – öskürək, qızdırma. Möhkəm adam idi, koronavirusa yoluxmaq ehtimalını özünə yaxın buraxmırdı.
Elə ona görə də ilk günlərdə həkimə müraciət etməyib. Ehtiyatlanırmış ki, karantinə götürüləcək, ailəsindən uzaq olacaq.
Vəziyyəti getdikcə daha da pisləşdiyinə görə ailə üzvləri xəstəxanaya üz tutub. Martın 31-də gəlib evdə ondan analiz götürüblər. Maraqlıdır ki, üç gün sonra analizin cavabı neqativ çıxıb.
Amma bilirik ki, hərdən analizin nəticəsi yanlış da ola bilər. Ailəsi onu Ağciyər Xəstəlikləri İnstitutuna aparıb. Artıq nəfəs almaqda da çətinlik çəkirdi. Ancaq oksigen maskasıyla nəfəs alırdı.
Üç gün orada qalandan sonra onu Mərkəzi Neftçilər Xəstəxanasına köçürüblər, aparata qoşublar. Ağciyəri demək olar, işləmirdi.
Tədricən beyin də funksiyasını itirməyə doğru gedirdi. Ayın 18-də vəfat xəbəri gəlib. Özü də içkidən, siqaretdən uzaq adam imiş.
Əslən Gədəbəyin Dəyəqarabulaq kəndindən olan Z.Xəlilovgil beş qardaş olub, onların dördü həkimdir”.