İki aydır ki, azərbaycanlılar Gürcüstan və Türkiyə üzünə həsrət qalıblar. Pandemiya ilə əlaqədar sərhədlərin bağlanması ucbatından nəinki ölkədən kənara çıxmaq olmur, heç evi tərk edə bilmirsən. Təbii ki, bu da vətəndaşların sağlamlığı nəzərə alınaraq atılmış addımdır.
Reportyor.info olaraq isə karantin dövründə daha bir ilkə imza ataraq Gürcüstanla sərhədə yollandıq, gömrükdəki vəziyyəti öyrəndik.
Bakıdan Qazaxa qədər polis postlarındakı nəzarət-yoxlanışın yüksək səviyyədə təşkil edildiyini, icazəsi olmayan sürücülərin geri qaytarıldığını əvvəlki reportajlarımızda xəbər vermişdik.
İndisə “Sınıq körpü” sərhəd-keçid məntəqəsində son durumla sizi tanış etməyə qərar vermişik. Əvvəla, deyək ki, Gürcüstanla sərhədə doğru istiqamətdə az sayda avtomobil görmək olar.
Onlar da sərhədyanı kəndlərə, öz evlərinə gedən maşınlardır. Aydın məsələdir ki, sərhədlər bağlanıb deyə gediş-gəliş yoxdur.
“Qırmızı körpü”yə çathaçatda isə polis postu qarşımıza çıxır və sürücülərin bir-bir yoxlanıldığına şahid oluruq. Yolboyu gördüyümüz əsasən yük maşınları, TIR-lar idi. Həm Azərbaycandan Gürcüstana, həm əks istiqamətdən ölkəmizin hüdudlarına doğru yükdaşımalarında heç bir məhdudiyyət və problem yoxdur.
Sərhədlər bağlanan gündən etibarən elan edilmişdi ki, qida və qeyri-ərzaq mallarının idxalında heç bir çətinlik yaşanmayacaq. Çünki insanlarda qıtlıq, yoxsulluq, defisit olacağı qorxusu varıydı.
Bu da anlaşlandır: həm II Dünya Müharibəsi, həm Qarabağ müharibəsi, 90-cı illərin çətinlikləri, qaçqın-köçkün həyatının əzabları azərbaycanlıların yaddaşından silinməyib.
Ona görə də dövlət əvvəldən əhalii arxayış etmişdi ki, sərhədlərdən yalnız vətəndaşların gediş-gəlişi qadağan edilir, ərzaq daşınmasında çətinlik olmayacaq.
Biz də reportaj hazırlayarkən gömrükdə vəziyyətin normal olduğunu, yükdaşımalarda heç bir maneə, növbə, yubanma yaşanmadığını gördük.
Prezidentin və Nazirlər Kabinetinin pandemiya dövrü ilə əlaqədar tapşırıqlarından irəli gələrək, gömrükdə də işlərin qaydasında icra edildiyini söyləyə bilərik.
Sərhəd qapısında olan TIR şoferləri ilə söhbətimizdə bildirdilər ki, indi gömrükdən keçmək daha da asanlaşıb. Çünki əvvəllər daha çox maşı olurdu, növbə yaranırdı, saatlarla gözləməli olurdular. Sürücülər bizə bildirdilər ki, həm Gürcüstan, həm Azərbaycan sərhədini rahat keçiblər.
“Malların gətirilməsində heç bir problem yoxdur. Yollar bomboşdur, postlarda yoxlanış olur, sonra buraxırlar.
Gömrükdə də yoxlanış aparırlar, adi günlərdən də rahatdır. İnsanlarımız heç nədən narahat olmasınlar”.
Türkiyədə mal gətirən sürücülərin sözlərinə görə, onlar İrana da yük daşıyıblar: “Heç bir çətinlik yoxdur. Sərhədlərdə yoxlanış tez çəkir”.
REPORTYOR.info
Arifə Əliyeva
Fotolar müəllifindir