Rusiyanın baş sanitar həkimi Anna Popova qorxunc proqnoz verib. Onun iddiasına görə, koronavirusa yoluxub sağalan şəxs hələ 90 gün başqalarını yoluxdura bilər. Popova deyib ki, getdikcə yoluxdurma müddəti uzanır: “Müşahidələrimiz göstərir ki, 48 gündən 90 günə kimi yoluxduruculuq təhlükəsi qalır. Hətta xəstə heç bir əlamətləri olmasa da, qan analizləri yaxşı olsa da, burnundan virus xaric edir. Ona görə xəstələr sağaldıqdan sonra da uzun müddət qapalı yerlərdə insanlara yaxın olmamalı, maska taxmalı və arxayınlaşmamalıdırlar”.
Həkim Vasif İsmayıl “Yeni Müsavat”a bildirdi ki, rusiyalı həkimin sözlərinin heç bir elmi əsaslandırması yoxdur. Onun fikrincə, bu xəstəlik maksimum 21 gün qalır və sağalan şəxs dərhal cəmiyyətə qoşula, həyata adaptasiya ola bilər. “Bu fikir onun ağlına haradan gəlib?
Mən digər elmi məqalələrdə belə fikirlə rastlaşmamışam. Bir fikir irəli sürəndə fakt ortaya qoymalısan. Ona görə danışmaqla olmaz, elmi əsaslandırma olmalıdır”.