Ermənistanda 1 mart qırğınları ilə əlaqədar təşkil edilən məhkəmə prosesi davam etdirilib.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan həbs olunub.
Qeyd edək ki, məhkəmə qapalı keçirilirdi.
***
Ermənistan paytaxtının Şenqavit rayon Məhkəməsi keçmiş prezident Robert Köçəryan haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Xüsusi İstintaq Komitəsinin təqdimatına baxır.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, R. Köçəryan özü məhkəmə iclasına gəlməyib. Vəkillər prosesin təxirə salınması barədə vəsatət qaldırıblar.
Qeyd edək ki, iyulun 26-da R. Köçəryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.
Köçəryan İstintaq Xidmətindən çıxandan sonra “Yerkir media” telekanalına müsahibə verib və barəsində irəli sürülən ittihamları “saxta, qurama” adlandırıb, istintaqa cəlb edilməsini “siyasi təqib” adlandırıb.
“İndi onlar mənim həbsimə nail olmaq istəyirlər. Yəni Dağlıq Qarabağın birinci prezidentinin, həmin prezidentinin ki, Qarabağ şanlı qələbə qazanıb və onun vaxtında təhlükəsizlik zolağı formalaşdırılıb. Ermənistanın ikinci prezidentini, hansı ki, onun vaxtında iqtisadiyyat 5 faiz artıb. İttihamlar quramadır. Azərbaycanda hansı təntənə, sevinc hiss etdiklərini təsəvvür edə bilərəm. Onlara belə hədiyyə edin”-Robert Köçəryan Azərbaycan ərazilərinin işğalındakı xidmətlərinə eyhamla bildirib.
Köçəryan deyib ki, təslim olmaq fikrində deyil və axıra qədər mübarizə aparacaq. “Kütlələrin əhval-ruhiyyəsini hüquqi məkana daşımaq istəyirlər. Belə çıxır ki, 2008-ci ildə cəmi 21.5 faiz səs yığan Levon Ter-Petrosyan əslində həmin seçkiləri udubmuş. Bu reallıqdan tamamilə uzaqdır və sevgi, həmrəyıik şüarları altında baş tutmuş məxməri inqilab tərəfindən siyasi təqiblərdir”-o bildirib.