Dayanacaqlarla bağlı məsələlər qaydalara uyğun şəkildə tənzimlənməlidir.
Bunu Milli Məclisin (MM) Regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında “Bələdiyyələrin status haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bir sıra hallarda bələdiyyələrin səlahiyyəti müəyyən edilmədiyindən hansı addımları atmağın lazım olduğunu bilmirlər.
“Avtodayanacaqlarla bağlı mənə şikayətlər daxil olur. Təbii ki, avtodayanacaqlar olmalıdır. Ancaq onlar da bir qanunamüvafiq qaydada fəaliyyət göstərməlidirlər. Onların əsasnamələri olmalıdır. Mənə Bakının Nizamı rayonunda, 8-ci km ərazisindəki dayanacaqla bağlı şikayət daxil olub. Orada Birinci vitse-prezidentin təşəbbüsü ilə gözəl bir park yaradılıb. Ancaq nəticədə kimsə gəlib orada şlaqbaum qoyub və avtomobilləri orada saxlamağa imkan vermir. Kimsə orada maşın saxlaya bilməz. Bilmək istərdim ki, bələdiyyələrin bundan xəbəri var, ya yox? Hərə öz bildiyi kimi hərəkət edir. Axı bu avtodayanacaqlar da qanuna uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Belə olmaz axı… Ora şlaqbaum qoyanlar kimsəni buraxmır. Bir qadın bazarlıq edib evinə rahat getmək istəyir ona imkan verilmir. Gecə vaxtı təciliyardım maşını gəldi ona imkan verilmir. Bütün yaradılan xidmət sahələri əhaliyə xidmət etməlidir. Daha onlara maneəçilik yaratmaq üçün yox”- komitə sədri deyib. (olke.az)