2019-cu ildə David Qareci məbədi (Keşikçi dağ) ətrafında baş verən hadisələrdə müxtəlif qüvvələr, həmçinin milli dəyərlərin qorunması adı altında gizlənən müəyyən şəxslər və qruplar iştirak ediblər. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) illik hesabatında bildirilib.
Sənədə əsasən, Gürcüstan-Azərbaycan dövlət sərhədindəki vəziyyəti və iki ölkə arasında qurulan strateji tərəfdaşlığı təhlükə altına qoyan dağıdıcı kampaniya aparılıb. “Regionda geosiyasi çağırışlar fonunda Gürcüstan Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasiətlərini sabit olaraq davam etdirir”,-hesabatda deyilir.
Sənəddə qeyd olunub ki, mövcud ikitərəfli münasibətlərə qəsdən zərər vurmaqla bağlı daimi olaraq birbaşa və ya dolayı müdaxilələr möcvuddur. Hesabata əsasən, ötən il müxtəlif siyasi və vətəndaş qruplarının Rusiyadan gələn təhlükələri, həmçinin işğal altında olan ərazilər məsələsini gizlətməyə cəhdlərlə bağlı tendensiya müşahidə olunub: “Həmin qüvvələr Türkiyə və Azərbaycanla münasiətlərdə destabilizasiya yaratmağa çalışıblar. Bəzi qruplar Gürcüstanın müəyyən bölgələrində baş verənləri Rusiyanın işğalı ilə bərabər tutmağa cəhdlər ediblər”.