Avropa Birliyi ölkələri karantin rejimini sərtləşdirməyə çağırıb. Belə olan halda Azərbaycan son aylar COVİD-lə mübarizədə əldə etdiyi uğurları qoruyub saxlamaq üçün nə etməlidir?
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən tanınmış həkim Zülfüqar Yusifov bildirdi ki, bu məsələdə istənilən ssenarinin müəyyən faydaları da , qüsurları da var:
“Mənim hazırki düşüncəm isə odur ki, bütün məhdudiyyətlər götürülməlidir, o cümlədən davranış qaydalarına insanların özünün ciddi əməl etməli və onlara dövlət tərəfindən müxtəlif tədbirlərlə nəzarət olunmalıdır.
Çünki artıq 6 aylıq təcrübə onu göstərdi ki, ümumən dünyada koronavirus fonunda baş verən hadisələrdən sonra bir müddət biz bu virusla dostluq etməli olacağıq. Bu birgəyaşayışda isə karantin qaydalarını, prinsiplərini doğru şəkildə həyata keçirmək lazımdır.
O baxımdan hesab edirəm ki, məhdudiyyətlərin hamısının götürülməsi lazımdır, sadəcə, qaydaların ciddi şəkildə tətbiq olunması və buna vətəndaşlar tərəfindən düzgün əməl olunmasına sərt nəzarət tədbirlərinin həyata keçirilməsinə ehtiyac var.
Rayonlara yolların açılması elə ciddi bir problem yaratmadı, çünki rəqəmlərdə ciddi bir dəyişiklik görmürük. Məktəblərlə bağlı bir qədər narahatlıq var.
Ümumən son günlər həyəcanın artdığının şahidi oluruq. İnsanların daha çox maariflənməsi və qaydalara nəzarət olunması vacibdir. Uzun müddətdir ki, yas mərasimləri və toy şənlikləri həyata keçirilmir.
Müəyyən məhdudiyyətlər davam edir, fikrimcə, həyatın bütün sahələrinin tam bərpa olunması lazımdır. Virusa barıdə kifayət qədər məlumatlarımız var, qorunma ilə bağlı insanlarda bilgilər var, müalicə və profilaktika tədbirlərindən məlumatlıdırlar.
Səhiyyə sisteminin xəstələri müalicə üçün kifayət qədər resursu və təcrübəsi var. Bu fonda artıq insanların həyatını stressdən qurtarmağın vaxtı çatıb. İndiyə qədər olanlar doğru idi, edilməli idi. Ancaq bu gün zamanın tələbi artıq, karantini yumşaltmaqdır.
Dünyanın bir çox ölkələrində pandemiyanın ikinci dalğasının başlaması və karantin rejiminin yenidən bərpa edilməsinə gəlincə, Z. Yusifov vurğuladı ki, bunun əsas səbəbi insanların arxayınlaşması və qaydalara əməl etməməsidir:
“O baxımdan mən dəfələrlə vurğulayıram ki, bu virus uzun müddət həyatımızda olacaq, ona uyğun davranmalıyıq. İlk növbədə xarici ölkələrə gediş-gəliş nəzarətə alınmalıdır. Xaricdən gələnlər müəyyən müddət karantində saxlanıla bilər.
Ancaq daxildə karantinə , məhdudiyyətlərə ehtiyac yoxdur. Bugünki rəqəmlər bizdə ümumi əhali sayına nisbətdə elə də, ciddi sayılmır. Digər xəstəliklərlə bağlı statistikaları araşdırsaq, təhlil etsək görərik ki, kifayət qədər yaxşı rəqəmlərdəyik.
Sadəcə, insanların bu məsələ ilə bağlı anlayışında, davranışında dəyişikliyə nail olsaq, bu yaxşı nəticə verəcək. Buna nail olmasaq, istənilən vəziyyətdə yoluxma hallarının artmasına gedə bilərik. Həyatı məhdudlaşdırmadan, pandemiya tələbləri sərtləşdirilməlidir”.