Müstəqil reportyor Fərid İsmayılov meşə yanğınları ilə bağlı maraqlı bilgilər bölüşüb. Onun Reportyor.info-ya dediyinə görə, ölkənin şimal hissəsi yanır, amma bunun real səbəbləri ictimaiyyətə açıqlanmır. Jurnalist deyir ki, bir sıra maraqlı məqamlar var, onlardan biri də yanğın keşikçisi ştatlarının ləğv olunmasıdır. “Hökumət mətbuatı hazır tezislərlə işləyir, müstəqil mətbuata isə ərazidə olan səlahiyyətli şəxslər açıqlama vermir.
Bu gün Qubanın Vəlvələ meşəsində oldum. Meşə od tutub yanır, amma kimin vecinə? Heç kimin. Əraziyə FHN-ə məxsus maşınlar getmir, orda olduğum müddətdə 5-6 dəfə helikopterlə əraziyə su səpilib, onun da 1-i mənim üzərimə boşaldılıb.
Səlahiyyətli şəxslərin yanğından heç bir məlumatı yoxdur, yanğının mərkəzindən gəldiyimizi görüb bizdən məlumat alırdılar. Demək olar ki, yanğının söndürülməsi ya kiməsə sərf etmir, ya da ki…..
Vəlvələ meşəsinin cəmi bir neçə yüz metrliyində hektarlarla ərazisi olan bağ var. Yerli camaat bu bağın hüquq – mühafizə orqanlarının rəislərindən birinə aid olduğunu deyir.
Ərazidə jurnalistlərin işləməsi üçün hər hansı bir şərait yoxdur. Quba şəhərindən həmin meşəyə getmək istəyən jurnalist taksi üçün azı 50 manat xərcləyəcək.
Məndə olan məlumata görə, Quba Rayon İcra Hakimiyyəti tərəfindən bu gün yanğından reportaj hazırlayan “jurnalist”lərə pul verilib. Bu pulu kim göndərib, niyə göndərib? Bilmirəm. Görməmişəm, səhvim varsa Qubanı talayan Ziyəddin ağa günahımdan keçsin.
Məlumatları doğru, düzgün, dəqiq ictimaiyyətə təqdim edən bölgə müxbirləri yoxdurmu? Var, amma onların auditoriya imkanları elə də geniş deyil. Lakin Cemil Memmedli , Vusal Basharatvi əlindən gələn hər şeyi edir.
Quba gəncləri könüllü şəkildə yanğınların söndürülməsi üçün köməyə hazırdır, Cəmillə yanımda danışıblar, digər rayonlarda da yanğının söndürülməsi üçün kömək ediblər. Lakin nə jurnalistə, nə ictimaiyyətə səhih məlumat verən var, nə də ki, düz-əməlli iş görən.
Bölgədəyəm, baş verən hadisələrlə bağlı əlavə məlumat olsa, bölüşəcəm. Bu gün etdiyim yayımları ölkədəki müstəqil mətbuat yayıb, minlərlə insan izləyib. Yazılı mətbuat üçün də informasiyaları bölüşməyə hazıram, təmənnasız.
MEDİA-nın qrant ayırdığı redaksiyalardan 1 nəfər də bu ərazidə olmayıb, gəlmək kimi fikirləri də yoxdur”.