İsrail Ordusunun Baş Qərargahı bildirib ki, Qəzza sektorunda radikalların bütün tunelləri məhv edilməyincə hərbi əməliyyat davam etdiriləcək.
Reportyor.info-nun məlumatına görə, bu barədə “Qaley SAXAL” radiosu tvitterdə bildirib.
“Biz hərbi kampaniyanı zərurət olduğu qədər genişləndirməyə hazırıq. Biz zərbələr endirməyə davam edəcəyik və heç bir tuneli bütöv qoymayacağıq”, – xəbərdə deyilir.
Mayın 11-də axşam Fələstin anklavının sərhədlərində son illər ərzində ən böyük eskalasiya başlanıb. Çərşənbə axşamı səhər İsrailin Müdafiə Ordusu bildirib ki, ölkə ərazisinə Qəzza sektrundan 200-dən çox raket buraxılıb. Buna cavab olaraq İsrail hərbçiləri qarşı tərəfə zərbələr endiriblər.
İsrail müxtəlif hərbi bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min nəfəri orduya çağırıb.