Azərbaycanın İrandakı səfirliyinə edilən hücumdan 2 ay ötür. Eyni zamanda Fazil Mustafaya qarşı törədilən cinayətdə də eyni qüvvənin əlinin olduğu bildirilir. Nəticədə İranla münasibətlər getdikcə daha da gərginləşir. Millət vəkilinə qarşı həyata keçirilən hücumun isə Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılışından bir gün öncəyə təsadüf etməsi ciddi müzakirə mövzusuna çevrilib.
Bəs Azərbaycanın bu məsələyə münasibəti necə olmalıdır? Cinayətkar(lar) tapılarsa və tapşırığın müəyyən bir dövlətdən alındığı təsdiqlənərsə, Azərbaycan buna necə reaksiya verəcək?
Mövcud prosesləri Globalinfo.az-a dəyərləndirən politoloq Yeganə Hacıyeva artıq səfirliyimizə edilən hücumun arxasında İran dövlətinin dayanmasının təsdiqini tapdığını bildirib: “Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumun İranın siyasi hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilməsinə artıq şübhə yoxdur. Terror hücumundan sonra İranın davranışı bunu təsdiq edir. Çünki bu səfirliyimizə qarşı törədilən cinayətin araşdırılması üçün heç bir ciddi addım atılmır. Əksinə ilk dəqiqələrdən İranın əsas məqsədi dövlət kimi öz məsuliyyətini gizlətmək oldu. Hətta beynəlxalq təşkilatların bu məsələnin araşdırılması üçün çağırışlarının qarşısı alınmağa çalışdı. Çünki İran bu hücumun araşdırılacağı təqdirdə arxasında birbaşa dövlətin dayanması faktının üzə çıxacağının fərqindədir”.
Politoloq Azərbaycanın səfirliyə hücumla bağlı beynəlxalq səviyyədə ciddi addımlar atdığını nəzərə çatdırıb:
“Azərbaycan isə məsələni xüsusi diqqətdə saxlayır. Bakı hadisənin araşdırılması üçün İrandan kənarda beynəlxalq istintaq qrupunun yaradılmasına təşəbbüs göstərir və bu istiqamətdə irəliləyir. Hazırda diqqət bu istintaqı doğru apara biləcək beynəlxalq istintaq qrupunun təşkil edilməsindədir ki, İranda bu proses yürüdülə bilsin. Azərbaycan paralel olaraq bu məsələdə İranın Vyana konvensiyalarını, həmçinin BMT-nin diplomatik korpuslarla bağlı iki vacib konvensiyasını pozması, öz ərazisində yerləşən səfirliyə terror hücumu planlaması ilə bağlı hüquqi təqiblərin başlamasına çalışır. Fikrimcə, bütün bunlar öz nəticəsini verəcək. Mən tam əminəm ki, həmin istintaq qrupu bu hadisədə İranın rolunu ortaya çıxaracaq, cinayətkarlar tapılacaq və Vyana konvensiyası və BMT-nin müvafiq konvensiyasın pozulmasına görə uyğun şəkildə məsuliyyətə cəlb ediləcəklər”.
Y.Hacıyeva səfirliyə və millət vəkilinə qarşı həyata keçirilən hücumun eyni məqsəd daşıdığını, İranın təxribatının bununla bitmədiyini söyləyib:
“İstər Azərbaycanın diplomatik korpusuna hücum, istərsə də ölkənin qanunverici orqanının üzvlərindən biri olan Fazil Mustafaya qarşı törədilən terror aktı iki mühüm hadisə ərəfində həyata keçirildi.
İlki Azərbaycanın İsraildə səfirliyinin açılması üçün proses başladıldığı zaman, ikinici isə məhz səfirliyin rəsmi açılışından bir gün öncə törədildi.
Hər ikisində də sadə vətəndaşa deyil də,sırf dövlət mülkiyyətinə və rəsmisinə hücumun edilməsi birbaşa Azərbaycan dövlətinə qarşı terror əməlidir. İki hadisənin də İran xəttilə törədilməs isə bizə məlumdur.
Diğər cinayətlər isə həm də cəmiyyətdə gərginliyin yaradılması üçün atılan adsımlardır. “Bravo” hipermarketinə hücum zamanı da cinayətkarın məhz İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi ərazinin yaxınlığında likvidasiya olunması heç də təsadüfi deyildi, daha sonra iki nəfərin günün günorta çağı güllələnməsi də həmçinin . Doğrudur,İranın Azərbaycandakı şəbəkəsi bunu əsasən quldurluq əməli təbliğatı aparsa da əlbəttə əsas məqsəd bu deyildi. O hadisədə iştirak edən cinayətkarların hər ikisində silah kalaşnikov idi. Həmçinin Fazil Mustafaya qarşı cinayət də bu silah vasitəsilə törədilmişdi. Bu silah İranın terror vasitəsidir.
İran bunu qəsdlə edir ki, hadisələrdə onun əlinin olduğu bilinsin”.