Azərbaycan nefti dünya bazarında 89 dolları keçib. Bu, devalvasiyadan əvvəlki məbləğdən yuxarı-aşağı fərqlənmir. Yəni büdcəyə həmin dövrdə olduğu qədər mənfəət daxil olur. Odur ki, məntiqlə iqtisadiyyatımız o dövrdə olduğu kimi dirçəlməli idi.
Anaxeber.info yazır ki, hökumət neft gəlirləri ilə əhalinin rifahını yaxşılaşdırmaq üçün ciddi sosial proqramlar həyata keçirmək niyyətində görünmür. Bahalaşmanı kompensasiya etmək məqsədi ilə real islahatlar da yoxdur, nəticədə yoxsulluq atır.
Devalvasiyaya qədər ölkədə müəyyən bir orta təbəqə yaranmışdı. Manatın çöküşü və ardınca pandemiya, indisə sürətli bahalaşma bu zümrəni aradan qaldırıb. İndi təbəqələşmə dərinləşir: bir qrup varlılar və yoxsullar…
Neftlə zəngin ölkədə xalqın sosial vəziyyətinin getdikcə pisləşməsi haqlı tənqidlər üçün meydan açır: qeyri-neft ölkələri ilə fərqimiz hiss olunmur. Regionun lider dövləti iddiasını da irəli sürməyə haqqımız çatmır, çünki nefti-qazı olmayan ölkələrdə əhalinin rifahı bəzi komponentlərdə bizi üstələyir.
Ən azından belə böhrandan qaçış üçün inhisarçılığı aradan qaldırmaq və korrupsiya ilə ciddi mübarizə aparmaq lazımdır ki, inflyasiya sürətlənməsin. Lakin hökumətin daxili siyasəti bərbad olmaqda israrlıdır.
Cəmiyyətin Vətən müharibəsindən sonra gözləntiləri varıydı ki, xarici siyasətdə yürüdülən rasionallıq və praqmatiklik daxili idarəçilikdə də öz əksini tapacaq və yeni Azərbaycan qurulacaq.
Amma hakimiyyət geridə qalan müddətdə demək istədi ki, 44 günlük fasilə götürülmüşdü, köhnə idarəçilik davam edəcək: monopoliya, rüşvət, korrupsiya, qeyri-şəffaflıq, qiymət artımlarını qabaqlamaq üçün antiinhisar addımların olmaması göz deşir. O baxımdan iqtidar hərb meydanında qazanılan qələbədən yığdığı dividenti xərcləməkdədir və ölkədə sosial gərginlik gündən-günə artır. Hökumət ictimai dəstəyi bada verir və itirməkdədir.
Əslində, ağıllı idarəçiliklə cəmiyyətdən dəstəyi daha da gücləndirmək mümkün idi. Hətta hakimiyyətin opponentləri də sadəlövh şəkildə inanmışdılar ki, müharibədən sonra başqa Azərbaycan ola bilər. Amma…
Hazırda hökumətin gündəliyində prioritet bahalaşmanın qarşısını almaq olmalıdır. Əhalinin gündəlik tələbat məhsulları olan çörək və ətin qiymətinin qalxması vəziyyəti bir qədər də pisləşdirəcək. Çünki bu, azərbaycanlıların “axilles dabanı”dır.
Bəzi tənqidçilər ətin bahalaşmalı olmadığını düşünürlər. Nəzərə almaq lazımdır ki, qiymətlər kəskin artır, inflyasiya sürətlənir, fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər. Yəni bir sektorda olan bahalaşmanın digərinə təsiri qaçılmazdır.
Deyək ki, çörəyin qiymətinin artmasını minimum əmək haqqının 50 manat, maaş və təqaüdlərin isə 10-15% artması kompensasiya edə bilər. Bəs, yağ, çay, şəkər, qarabaşaq, tərəvəz, meyvə, gündəlik təlabat malları, məişətdə istifadə olunan kimya məhsulları, gigienik vasitələr, kommunal xidmətlər?!
Axı bunların da qiyməti kəskin artıb, indi camaat nə etsin, evini təmizləməsin, çimməsin, dişini yumasın, kommunal xidmətlərdən istifadə etməsin, sadəcə çörəyi çörəklə yeyərək dua etsin ki, bu nemətin qiymətinin artmasını hökumət kompensasiya edib?!
İqtisadçıların fikrincə, ağıllı-tədbirli hökumətləri olan ölkələrdə idxal inflyasiyası artırsa, xaricdən gələn ərzaq məhsulları dünyada bahalaşırsa, daxildə bahalaşmaya təsir göstərən amillər yumşaldılır, məsələn, dövlət tərəfindən tənzimlənən strateji məhsulların qiyməti artırılmır (dizel, benzin, elektrik, su, qaz), ərzaq məhsulları həm də sosial məsələ olduğuna görə onların idxal rüsumları azaldılır, bəzi vergilər ləğv edilir, nəticədə isə idxal inflyasiyasının qarşısını almaq olur.
Bizim dövlət-məmur biznesi və neft borusu üzərində inşa edilən iqtisadi modelimizdə isə məmurlar öz inhisarçı mövqeyindən əl çəkmək istəmir, dövlət özü təyin etdiyi qiymətləri qaldıraraq daha çox pul toplamağı düşünür, vergi-gömrük siyasətini yumşaltmır – nəticədə xaricdə qiymət artanda ölkə daxilində daha yüksək inflyasiya olur, sonra məmurlar ağıllı sifət alaraq çıxıb, “süni qiymət artımı var”, deyirlər.
Hakimiyyət sosial gərginliyin fəsadlarını da hesablamalıdır. Əhalinin narazılığı iqtidara qarşı yönələ, spontan nəticələrə rəvac verə bilər. Postsovet məkanında gedən geopolitik prosesləri, baş verən hadisələri təhlil etmək, qabaqlayıcı tədbirlər görmək lazımdır ki, xalqla iqtidar arasında uçurum yaranmasın.