Təhsil naziri Emin Əmrullayevin müsahibəsini dinlədim. Hər şey sanki yerindədir – dünyagörüşü, təhsilə, elmə, gələcəyə baxışı. Kadr kimi bəlkə də uğurlu ola bilər. Amma və lakin…”
Reportyor.info xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə yazıb. Yeni təhsil nazirinin REAL TV-yə verdiyi müsahibəyə münasibət bildirən partiya lideri qeyd edib ki, idarəetmə sistemi dəyişməsə kadr nə edə bilər ki: “Yeni Təhsil naziri məntəqə, dairə üzvü olan müəllimlərə “seçkilərdə saxtakarlıq etməyin” deyə biləcəkmi?
Deyə bilməyəcəksə, saxtakarlığa məcbur edilən müəllim qarşısında gözükölgəli olan rəhbərliyin – nazir, icra başçısı, müavinlər və nəhayət direktor – ona “obyektiv ol, rüşvət alma, dəyərlərə söykən” deməyə haqqı olacaqmı?
Və ya bülleten gizlədən, səs oğurlayan, saxta nəticə elan edən müəllim şagird, tələbə qarşısına qürurla çıxa bilərmi? Çıxa bilməzsə, sizcə yeni nəslə nə verə bilər?
Demək, yeni nazir olsa-olsa kosmetik dəyişikliklər edə bilər, ondan böyük dəyişikliklər gözləmək sadəlövhlükdür.
Və ya məhkəmə, polis sistemi…
Fərz edək ki, hər şeyi qanun çərçivəsində həll etməyə başladılar. Bəs şərlənib tutulan müxalifət nümayəndələrilə nə edəcəklər? Axı onların həbsilə bağlı qərar hüquqi deyil, siyasidir.
Hakimiyyət üçün Qanunu pozmağa məcbur edilən polis, hakim özünə lazım olanda, şəxsi maraqları tələb edəndə də qanunu asanlıqla pozacaqlar. Çünki onları qanunsuzluğa məcbur etmiş rəhbərlərindən nümunə götürürlər.
Hansı strukturdan desən misal gətirmək olar… Hamısında vəziyyət eyni cürdür… Demək ki, kadrlardan əvvəl sistem, idarəetmə fəlsəfəsi dəyişməlidir.
Sistem dəyişmədikcə yaxşı kadrları da çirkaba bulayacağıq. İqtidar isə sistemi dəyişməyə cəhd etmir.
P. S. Səhv etmirəmsə Tolstoyun sözüdür: “Yarımçıq hamiləlik olmur və ya bakirəliyi pozmadan hamilə qalmaq olmaz”.