İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı kəskin tənqid edib.
“Siz sadəcə olaraq xalq qarşısında utanmalısınız. İnsanlara isti havada əziyyət verdiniz. Qəzaya səbəb kimi deyirsiniz ki, havalar isti keçib, istehlak artıb. Bu, məni qane edə bilməz”.
Prezident baş nazirin müavini Yaqub Eyyubova məsələnin ciddi şəkildə araşdırılmasını, qəzanın səbəbləri barədə ona məruzə edilməsini tapşırıb.