Rəsmi saytında verilən məlumatlara görə “İdrak” Liseyi professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində yaradılıb. Azadlıq prospektindəki “Bakı” filialı 2014-cü ildə fəaliyyətə başlayıb. Liseyin direktoru Natəvan Üzeyim qızı Alışovadır. Liseydə ümumi orta məktəb təhsili 3 pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Liseydə məktəbəqədər təhsil də tədris olunur. Tədris 3 dildə – Azərbaycan, rus, ingilis (İB-Beynəlxalq Bakalavr) proqramı ilə təşkil olunur.
Valideynlər saat 9:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını canlı izləmək imkanına malikdirlər.
Təhsil müəssisəsi nəqliyyat xidməti, yeməkxana, tibb məntəqəsi və istirahət zonaları ilə təmin olunub. Şagirdlər gün ərzində 2 dəfə qida ilə təmin olunurlar.
Liseyin fasiləsiz olaraq şirkət əməkdaşları tərəfindən mühafizə olunduğu deyilir. Kənar şəxslərin binaya girişi qəti qadağandır.
Liseydə sinif, kompüter otaqları, laboratoriyalar, kitabxana və idman zalı fəaliyyət göstərir. Dərslərlə yanaşı, əlavə məşğələlər də keçirilir.
Bütün bunların fonunda liseydəki qiymətlər “əl yandırır”. Belə ki, ibtidai (I-IV) siniflər üçün 10 000-12 500 (4 ilə 50000) manat, orta (V-IX) və tam X-XI/XII siniflər üçün 10 500-16500 (7 ilə 115500) manat ödəniş tələb olunur.




















