Ümummilli Liderimiz Heydər Əliyevin cismani yoxluğundan artıq 18 il ötür. Lakin onun Azərbaycan xalqı üçün etdikləri onu xalqın yaddaşında yaşadır və daim yaşadacaq.
Heydər Əliyevin valideynləri əslən Azərbaycanın Zəngəzur mahalının Comərdli kəndindən olublar. Heydər Əliyevin bacısının anası İzzət xanım haqqında yazdığı kitabdakı məlumatlarına görə yaşamış olduqları həmin kəndin təməlini Heydər Əliyevin babası Comərd və onun qardaşı Alagöz Məhəmməd qoyub.
Sonralar Heydər Əliyevin atası Əlirza Əliyev və anası İzzət xanım öz yurd-yuvalarından didərgin düşərək Naxçıvanda məskunlaşıblar. Doğma torpaqlarından qaçarkən İzzət xanım yolda qardaşı Heydərin ermənilər tərəfindən öldürüldüyünü görüb. Çox sarsılıb.
1923-cü il may ayının 10-da Naxçıvan şəhərində yaşayarkən onların bir oğlu dünyaya gəlib. İzzət xanım oğlunu sevimli qardaşının şərəfinə Heydər adlandırıb.
Orta məktəbdə öz biliyi, bacarığı, fitri istedadı, aydın nitqi, davranışı, cəsarəti, Azərbaycanın milli mənəvi dəyərlərinə bağlılığı, dünyaya, həyata baxışı, vətənpərvərliyi və bir çox müsbət cəhətləri ilə yaşıdlarından seçilən Heydər Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında təhsilini davam etdirməyə başlayıb, lakin Böyük Vətən Müharibəsinin başlaması səbəbindən buradakı təhsili yarımçıq qalıb.
O, 1941-ci ildə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib, 1944-cü ildən isə dövlət təhlükəsizlik orqanlarında işə başlayıb və general-mayor rütbəsinə qədər yüksəlib.
1957-ci ildə Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsilini başa vuraraq Azərbaycan və dünya tarixini mükəmməl öyrənib.
“Xalq gərək daim öz kökünü tanısın” – deyib böyük insan Heydər Əliyev.
O, həyatını öz xalqına həsr etmişdi. Hər an harada olursa olsun vətənini, xalqını düşünmüş və xalqına xidmət etmişdi. Azərbaycanı daim irəli aparmışdı. Özünün dediyi kimi: “Nəbzi vətənin nəbzi ilə vurmuşdu”.
Heydər Əliyev həm Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən, həm də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində işləyərkən Azərbaycan və Azərbaycan xalqı üçün çox işlər görüb. Bu müddət ərzində o, yalnız xammal mənbəyi olan Azərbaycan respublikasını aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirərək ölkəmizi sürətlə inkişaf edən respublikaya çevrilmişdi.
Həmin dövrdə respublikada yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başladı. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edildi, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirildi. Maşınqayırma, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişləndirilməsi prosesi başlandı.
Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik, kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı həyata keçirilirdi. Azərbaycan artıq keşmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu.
Azərbaycan böyük bir tikinti meydanına dönmüşdü. Bakı şəhərinin və respublikanın rayonlarının siması tamamilə dəyişmiş, müasirləşmişdi.
Ümummilli Liderimiz Heydər Əliyevin milli mədəniyyətimizə, mənəvi irsimizə göstərdiyi hörmət, verdiyi dəyər içtimai həyatımızın hər bir sahəsində bu gün də özünü büruzə verir. Hazırda ölkəmizin əldə etdiyi bütün uğurlar mənalı və şərəfli bir ömür yaşamış Heydər Əliyevin adı ilə bağlıdır.
1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Azərbaycana SSRİ qoşunları yeridildi. Nəticədə çox sayda dinc əhali, o cümlədən qadın, qoca və uşaqlar qətlə yetirildi. Bu vaxt Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə getmiş və öz etiraz səsini ucaltmışdı.
19 iyul 1991-ci il tarixdə Heydər Əliyev daha bir kəskin addım atmışdı. O, bu rejimə və şəxsən M.Qorbaçovun yeritdiyi anti-Azərbaycan, çirkin siyasətə etiraz əlaməti olaraq öz ərizəsi ilə kommünist partiyasının sıralarından çıxmışdır.
Heydər Əliyevi hər zaman düşündürən məsələlərdən biri də Azərbaycanda ordu quruculuğu, azərbaycanlı gənclərin orduya cəlb edilməsi, yüksək səviyyəli zabitlərin yetişdirilməsi olub. Bu məqsədlə onun böyük zəhməti sayəsində 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb lisey yaradıldı. Burada yüzlərlə azərbaycanlı gənclər təhsil almağa başladı. Liseyin milli zabit kadrlarının hazırlanmasında əsas rolu oldu. Bu zabitlər Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı ilə torpaqlarımızın geri alınmasında peşəkarcasına iştirak etdilər və qalibiyyət qazandılar.
“Mənim həyatım xalqıma məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”- deyən dahi, fədakar rəhbər bütün həyatını xalqına həsr etmişdi. Onun həyatı və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir.
Dahi rəhbərimiz Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. O, Azərbaycanı qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Və buna nail oldu da. Eyni zamanda Heydər Əliyev gördüyü qlobal işlərin davamçısı olan, siyasi varisini, davamçısını yetişdirmişdir.
Bu gün unudulmaz rəhbərin layiqli davamçısı onun başladığı işi tamamladı. 30 il düşmən işğalı altında qalmış torpaqlarımızı geri aldı. Azərbaycan Beynəlxalq müstəvidə Müzəffər ölkə kimi tanındı.
Şəhla Ağbulud




















