Könül İsmayılova: “Partiya sədrinin Xankəndiyə merliyi müzakirə edilir”
Torpaqlarımız işğaldan azad ediləndən sonra Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Xankəndiyə Mer olmaq istəyini rəsmən bəyan etdi və bununla bağlı müraciətləri də oldu. Bu günlərdə isə Şuşa səfərində bir daha bu istəyini səsləndirib. Partiya sədrinin bu istəyi geniş auditoriyada müzakirə olunmaqdadır.
Bununla bağlı Versus.Az– açıqlama verən MMP sədr müavini Könül İsmayılova bildirdi ki, Hafiz Hacıyev ümumiyyətlə Xankəndiyə Mer olmaq istədiyini deyəndən indiyə qədər bu fikir ətrafında müsbət və qısqanclıqdan doğan münasibətlər özünü büruzə verməkdədir.
Könül xanımın sözlərinə görə, MMP sədrinin ölkə başçısına rəğbəti, onun dövlətçilik siyasətinin yanında olması müəyyən dairələrdə qıcıq yaradır:
“Hələ ortada bir şey yoxdur, amma bəziləri Hafiz Hacıyev birdən Xankəndiyə mer seçilər deyə, təlaşdadılar. Onların bu təlaşları sosial şəbəkələrdəki trollarının ağızlarına gələnləri yazmaqlarında özünü daha açıq göstərir. İnanın ki, bir gün cənab prezident İlham Əliyev Hafiz Hacıyevlə heç əyani demirəm, onlayn şəkildə görüş keçirsə, ondan sonra o kəslərin narahatlığı daha da artacaq”.
K.İsmayılova vurğuladı ki, H.Hacıyev Xankəndiyə mer təyin ediləcəksə, bu, dövlətə xeyri dəyməyən, prosesləri kənardan izləyib ağız büzənləri heç də narahat etməməlidir:
“Görünən odur ki, Hafiz Hacıyevin Xankəndiyə merliyi bundan narahat olan qüvvələr tərəfindən müzakirə edilir. Buna görə də xeyli vaxt gündəm mövzusu olacaq. Hafiz müəllimin Xankəndinin meri olmaq istəyi niyə bunları narahat edir, bilmirəm. Amma onu dəqiq bilirəm ki, Hafiz müəllim ümumiyyətlə özünün şəxsində hansısa bir azərbaycanlımızın Xankəndidə rəhbər olmağını istəyir. Bunu anlamaq o qədər də çətin deyil məncə”.