Yazartv.az saytının baş redaktoru Cəfərov Elşən Oktay oğlu həbslə təhdid olunur. Bu barədə Reportyor.info-ya məlumat verən jurnalistin sözlərinə görə, buna səbəb saytda Cəlilabad Rayon Təhsil Şöbəsi və rəhbərliyi haqda tənqidi yazıların dərc olunmasıdır.
E.Oktayoğlu prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edərək həbs təhlükəsi ilə üzləşdiyini qeyd edib.
Baş redaktor açıqlamasında bildirib ki, “RTŞ müdiri Qərənfil Əhmədova qəbirstanlıqda aylıq yığdırır” başlıqlı yazısına görə əlilabad polisə çağırılıb.
Cəlilabadın icra başçısı Namiq Zeynalovun tapşırığı əsasında 19.09.2020-ci il tarixində Cəlilabad RPŞ-nə çağırılan jurnalistə şöbənin müavini Rövşən Quliyev tərəfindən hədə-qorxu gəlinib, həmin yazı sildirilib.
E.Oktayoğlu DİN rəhbərinə müraciətində deyib ki, Cəlilabad təhsilindəki özbaşınalıqlardan yazmasına görə rayon rəhbərliyinin təlimatı ilə polis ona təzyiq göstərir, həbslə hədələyir. Jurnalist V.Eyvazovun məsələni nəzarətə götürməsini xahiş edib. Sayt rəhbəri inanır ki, DİN rəhbərliyi məsələyə həsasslıq göstərəcək.
Onun sözlərinə görə, icra başçısı və təhsil şöbəsi rəhbərliyi əməllərini ört-basdır etmək üçün təzyiq yolunu seçib. Jurnalist nazirdən Cəlilabad RPŞ-nə göstəriş verməsini xahiş edib.