General-leytenant Rövşən Əkbərovun Milli Qəhrəman adı geri alına bilər.
Reportyor.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov deyib. Onun sözlərinə görə, bu barədə Cinayət Məcəlləsinin 42.0.5. maddəsində göstərilib:

“42.0.5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; 42-ci maddəsində cəzanın növləri nəzərdə tutulub. 42.0.5-ci maddəyə əsasən məhkəmə təqsirləndirilən şəxsi xüsusi rütbədən məhrum edə bilər”.
Qeyd edək ki, Baş Prokurorluq Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, general-leytenant 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşə Əliyev Elçin Fəday oğlunu 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürməkdə ittiham olunur. 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilmiş və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.