Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Həyat Üçün Seçilmiş Planet Yer” layihəsi müvəffəqiyyətlə yekunlaşıb.
Layihə çərçivəsində Bakı şəhərində yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlıq edilərək 150-dən çox gəncin yeni təcrübələri öyrənməsi təmin edilib. Dekan və kafedra müdirlərinin də iştirakı ilə keçirilən təlimlərdə bu məlumatların gənclərin yiyələndiyi ixtisasın gələcək perspektivlərini aydın görməsində əhəmiyyətli rolu olduğu xüsusi vurğulanıb.
Yanvarın 6-da “Binəqədi Gənclər Evi”ində yekun görüşü baş tutan layihədə seçilmiş gənclərin ətraf mühiti qoruma sahəsindəki fikirləri, ideyalarına baxılıb və suallar cavablandırılıb. Fəal iştirak edən və ətraf mühit texnologiyalarına dair faydalı təkliflər hazırlayan gənclər mükafatlandırılıb.
Bu təşəbbüslərin əsas məqsədi gənclərdə təbiəti qoruma şüurunun düzgün istiqamətdə formalaşmasına töhfə verməkdir. Layihə rəhbəri Toğrul İbrahimov qeyd edib ki, ətraf mühit problemlərinin “qırmızı xəttə” dayandığı dövrdə gənclərin problemlərin həllinə həvəsinin artması məqsədilə hal-hazırki təcrübələri izah etmək, dünyanın müxtəlif yerlərində istehsal edilmiş müasir innovativ texnologiyaların əhəmiyyətini çatdırmaq, gələcəkdə bu və ya digər cəhdlərin artmasına nail olmaq baxımından olduqca zəruridir.