Koronavirusa yoluxmuş Gürcüstan vətəndaşının ünsiyyətdə olduğu şəxslərin müəyyənləşdirilməsi üçün təcili tədbirlər həyata keçirilir. Hazırda sərhəd-keçid məntəqəsindəki gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və həkim müşahidəsinə alınıb.
Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Bildirib ki, İrandan gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında koronavirusun (COVID-19) aşkarlanması haqda məlumatdan sonra Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birlikdə araşdırma aparıb. Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib.
Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük–keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər.
Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.
Xatırladaq ki, hazırda İranın Qum şəhərindən ziyarətdən qayıdanlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında karantindədilər. Virusun inkubasiya dövrü 14 gün olduğundan onlar 2 həftə həkim müşahidəsində saxlanılacaqlar.