Qərbi Azərbaycan İcması sosial şəbəkələrdə trendə çevrilən “Göyçə-Zəngəzur Respublikası” müzakirələri ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən “AzPolitika.info”ya göndərilən açıqlamada bildirilir ki, son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir.
“Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir”, – deyə İcma bildirir.
Təşkilat bütün media nümayəndələrindən xahiş edir ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər.