“Binə” və “Sədərək” Ticarət mərkəzlərində çalışan sahibkarların fəaliyyətində problem yarandığı haqda məlumat vermişdik. Sahibkarlar daşımaçılıqda xidmət haqqının artdığını, eyni məhsula ayrı-ayrı qiymətlər qoyulduğunu bildirirlər.
Onların sözlərinə görə, bu gün Çindən Azərbaycana gətirilən müxtəlif mallar üzrə daşımaçılığın 1 kubu 750 dollar civarında dəyişilir. Çin karqo şirkətinin rəhbəri isə artımın səbəbini onlar tərəfindən yox, Azərbaycan Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi rüsumlarla əlaqələndirib.
Karqo şirkətləri tərəfindən tez-tez qiymət dəyişikliyinin, həmçinin gömrükdə qiymətlərin necə tənzimlənməsi ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Sabah”a açıqlamasında bildirib ki, Azərbaycanda gömrük fəlsəfəsi doğru-düzgün yerinə yetirilmir:
“Azərbaycanın gömrük siyasəti ilə bağlı ciddi problemlərin olduğu artıq hər kəsə məlumdur. Söhbət gömrükdə hər hansı korrupsiyanın və ya əməllərin olub-olmamasından getmir. Azərbaycanda gömrük fəlsəfəsi doğru-düzgün yerinə yetirilmir. Əgər yerli istehsal olsaydı, həmin məhsullar Çindən gətirilməzdi. Burada sadə məntiq var. Çindən gətirilən məhsulları Azərbaycanda əvəz edəcək istehsal sahələri yoxdur. Bundan belə bir nəticəyə gəlmək olar ki, Çindən gətirilən məhsullar Azərbaycanda istehsal olunmursa, daha liberal və yumşaq gömrük siyasəti aparmaq lazımdır ki, ən azından gətirilən məhsulların qiyməti artmasın.
Bu da bazarda qiymətlərə təsir edib insanların cibinə zərbə vurmasın. Çox təəssüfedici haldır ki, Gömrük Komitəsi işçiləri və rəhbərliyi tez-tez TV-lərdə fəxrlə qeyd edirlər ki, gömrük ödənişləri və ya gömrükdə yığımlar kifayət qədər artıb. Sanki bu gömrüyün istehsal sahəsidir, zavoddur, fabrikdir, nəsə istehsal edib, satıb, pul qazanıb dövlət büdcəsinə ödəyib. Gömrüyün yığdığı əlavə pulun tamamını iş adamları məcburən mal və xidmətin üzərinə qoyurlar. Həmin vəsait bizim cibimizdən çıxır”.
N.Cəfərli qeyd edib ki, Azərbaycanda gömrük orqanlarının iş fəlsəfəsi kökündən yanlışdır:
“Dünyanın istənilən ölkəsində gömrük orqanları daxili bazarın, daxili istehsalçıların qorunması üçün fəaliyyət göstərirlər. Hansı sahələrdə daxildə istehsal var, o istehsalın qorunması və genişlənməsi üçün gömrük siyasətinin həyata keçirilməsində maraqlı olurlar. Azərbaycanda isə tam fərqli vəziyyət yaranıb. Azərbaycanda daxili istehsalı 0 olan, hətta sosial xarakterli məhsullara belə gömrük tətbiq olunur. Çox maraqlı tətbiqetmə qaydaları var. Azərbaycan qanunvericiliyinə görə, 0%-dən 15%-dək gömrük rüsumu tətbiq oluna bilər. Nədənsə 0% deyil, əksər məhsullara 15%, yəni maksimal gömrük rüsumu tətbiq olunur. Bu, Azərbaycanda bahalaşma yaradan əsas amillərdən biridir”.
Ekspertin sözlərinə görə, qiymətlərin artması rəqabətsizlik mühitindən irəli gəlir:
“Rəqabətsizlik mühiti hökm sürdüyündən, gömrüyə yaxın şirkətlərin daşımaları həyata keçirməsindən bu, daşıma şirkətləri və gömrükdən keçərkən alınan xərclərin artmasına gətirib çıxarır. Əgər rəqabətli mühit olsaydı, daxili və xarici karqo şirkətlərinin normal mal fəaliyyətinə qanunvericilik çərçivəsində imkan verilsəydi, daşıma xərcləri də xeyli aşağı düşərdi. Bu anlamda Çin tərəfdən açıqlama tamamilə doğrudur.
Yəni bahalaşma onlardan qaynaqlanmır. Bu, yerli şirkətlərdən asılıdır, hansılar ki, gömrüklə əlbir çalışırlar.
Ümumiyyətlə gömrük və vergi tez-tez dəyişirsə, oyun qaydaları, ödəniş həcmləri dəyişirsə, bu iş adamlarına ən böyük zərbə vuran amildir. Çünki iş adamları ən azından öz işlərini bir neçə il öncədən planlaşdırmğa çalışırlar. 1-2 illik biznes plan tərtib edirlər. Xərc və gəlirlərini hesablayırlar. Bu işlə məşğul olub-olmayacaqları ilə bağlı qərar verirlər. Onlar işə zamanla adaptasiya ola, yeni qaydalara uyğunlaşa bilmirlər. Qurduqları plan alt-üst olur. Yeganə çıxış yolunu qiymət artımında görürlər. Yəni bu onların günahı deyil, məcburən qiyməti artırırlar ki, ayaqda qala bilsinlər. Amma Azərbaycanda da alıcılıq qabiliyyətinin aşağı olduğunu nəzərə alsaq qiymət qalxdıqca da dövriyyələri, satış həcmləri azalır və gəlirləri aşağı düşür”.
Natiq Cəfərli vurğulayıb ki, karqo şirkətləri adi özəl şirkətlər olmalıdır:
“Karqo şirkətləri qanunvericilik çərçivəsində fəaliyyət göstərsəydi və gömrük orqanlarına arxayın olmasaydılar ki, heç kim bunlara heç nə deməyəcək bu addımı ata bilməzdilər. Karqo şirkətləri adi özəl şirkətlər olmalıdır. Bunların qiyməti diktə etmək səlahiyyətləri yoxdur, imkanları da olmamalıdır. Rəqabətli mühit yaransaydı, Azərbaycanda onlarla karqo şirkəti fəaliyyət göstərsəydi və buna imkan yaransaydı bu vəziyyət yaranmazdı.
Çünki gömrük orqanları özünə yaxın şirkətlərin fəaliyyətinə daha çox imkan yaradır. Bunun nəticəsində rəqabətsizlik mühiti yaranır və bu şirkətlər özünü dövlət qurumu kimi aparır. Bu da biznesin işinə, iş adamlarına zərbə vurur”.
“Karqoda malların saxlanması qiymət artırmaq üçün bir bəhanədir”, deyə ekspert əlavə edib:
“Əgər Azərbaycanda məhkəmə sistemi olsaydı sahibkarlar faktla bağlı həmən məhkəməyə müraciət edərdi və karqo şirkətlərini böyük məbləğdə cərimələyə bilərdilər. Sonradan bu şirkətlər də o addımı atmazdı. Təəssüf ki, bu mexanizm də Azərbaycanda çalışmır”.
Discussion about this post