Biz Axundovun, Sabirin, Mirzə Cəlilin bağrını çatladan toplumuq. O toplumuq ki, 200 il keçsə də, içimizdə yaxşıya pis demək, lağ eləmək, heç nəyi bəyənməmək mərəzimizdir.
Sosial media bu eybəcərliyimizi hər addımda üzə çıxarır. Xüsusən karantin rejimi günlərində bütün ayıblarımız faş oldu, qüsurlarımız ortalığa çıxdı.
Məlum oldu ki, bizim düzəlməyimiz üçün daha 200 il də lazımdır. Çünki nə evdə oturmağı bacarırıq, nə də evdə qalanda özümüzü yaxşı aparırıq.
Sanki başqa ölkələrdə sərt karantin rejimi tətbiq olunmayıb: amma nə alman, nə türk, nə italyan, nə də çinli özünü bağça uşağı kimi aparır.
Bir baxın, bu ölkələrin hansında polisin əmrinə tabe olmadılar, hansı avropalı polislə qaçdı-tutdu oynadı, hansı cəmiyyət polisin karantinlə bağlı fəaliyyətinə kölgə salmaq istədi?
Çox heyf və kədərlidir ki, Azərbaycanda küçəyə çıxmaq qadağasına əməl etməyənlər polislə qarşıdurmaya getdilər, evdə oturan qeybətçilər isə klaviatura qarşısında şirə dönüb polisin gördüyü işlərdə pislik axtarmağa çalışdılar.
Bax, biz belə toplumuq. O adamlarıq ki, Avropaya gedəndə heç bir azərbaycanlı alman yaxud holland polisinin karantinlə bağlı üzərinə düşən xidməti yerinə yetirməsinə bir söz deməz.
Amma öz polislərimizin fədakarlığına, biz evdə dincələndə onların gecə-gündüz küçələrdə çəkdiyi zəhmətə görə təşəkkür belə etmədik.
Bəyəm o polislərin ailəsi, evində gözləyəni, balaları yoxdur? Onlar da istəyirlər ki, evdə qalsınlar, uşaqları ilə daha çox vaxt keçirsinlər.
Təəssüf ki, bizim bəsirət gözümüz elə bağlanıb, ağı qaradan ayırd edə bilmirik. Məsələn, mediada bir video varıydı: polislərimiz bacısının dəfninə tələsən qadını özləri maşınla hadisə yerinə aparırlar.
Yox, bizim buna görə təşəkkür etməyə “qarnımız ağrayır”, ancaq Floydun ölümünə etiraz edənləri qəddarlıqla döyən, yaşlı kişini yerə yıxıb başını qanadan amerikalı polisləri qınamırıq. Çünki biz doğurdan da Sabirin, Cəlilin ürəyini partladan toplumuq.
Reportyor.info pandemiya dövrü başlanandan Azərbaycan polisinin fəaliyyətini izləyir, təftiş və təhlil edir, bütün detalları incəliklə yazır.
Bizim araşdırma qrupunun gəldiyi qənaət, faktlar, video və fotolar təsdiqləyir ki, Daxili İşlər Nazirliyinin peşəkarlığı, verilən təlimatların həm çevik alay, həm yol polis əməkdaşları tərəfindən yüksək səviyyədə yerinə yetirilməsi nəticəsində karantin günlərində asayiş təmin olunub.
Bu gün Vilayət Eyvazovun rəhbərlik etdiyi Azərbaycan polisi xidməti fəaliyyəti, prinsipallığı və qətiyyətliliyi, dövlətin iqtisadi-siyasi maraqlarını, xalqın təhlükəsizliyini və dövlətçiliyi hər şeydən uca tutmaqla müstəqilliyimizin, müstəqil siyasət yeritməyimizin mübariz keşikçisinə çevrilib.
Daxili işlər orqanlarının dövlətçilik maraqlarını, dövlətin və vətəndaşların qanuni mənafelərini qətiyyətlə qoruması, cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi ilə bağlı prinsipial mövqeyi Azərbaycanda sabitliyi və davamlı inkişafı şərtləndirən əsas amillərdəndir.
Azərbaycan polisi bəli, qanunu pozana qarşı sərtdir: əgər Nazirlər Kabineti əvvəl gündən bar-bar bağırıb bəyan edibsə; dəfələrlə karantinin şərtləri, qaydanı pozanları gözləyən cəza xalqın nəzərinə çatdırılıbsa; həftəsonu küçəyə birmənalı çıxmaq qadağan edilibsə, market, kafe və s. obyektləri gizli açmağa kimsə cəhd göstəribsə və bunu polisimiz aşkarlayıb qanun çərçivəsində tədbir görübsə, niyə sosial şəbəkələrdə qərəzli, cığal üslubda yazmalı, polisin işinə ləkə atmalı, kölgə salmalıyıq?
Məsələn, bir video yayılmışdı – polislərə müqavimət göstərən vətəndaşı tuturlar. Aydın olur ki, adamın üzərində bıçaq var imiş. Ona cinayət işi açılıb.
Amma hansısa “ağzıgöyçəklər” bu hadisədə az qala siyasi motiv axtarır, polisi günahlandırır, insanlara nəfəs almağa imkan verilmədiyi təsəvvürü formalaşdırılır.
Halbuki, polis küçəyə çıxmaq qadağasını pozana xəbərdarlıq edir, getməyəndə saxlayıb bölməyə aparır və cərimələyir. Bu tələblərə boyun əyməyən vətəndaş üstəlik müqaviət göstərirsə, polis onu öpüb gözü üstə qoymalıydı?!
Yəni, bir alman, bir türk və ya fransız sərt karantin tətbiq ediləndə qaydanı pozurdumu, polisinin əməyini yerə vururdumu? – Biz görmədik.
Odur ki, Baş nazir Əli Əsədov qərar verib, polis ona uyğun xidmətini yerinə yetirib, millətə qabaqcadan xəbərdarlıq edilib ki, bütün ərzaq, dərman və s. tədarükü görsünlər və iki gün evdən çölə çıxmasınlar.
Niyə? Bizə görə…Çıxmasınlar ki, yoluxma azalsın, bu koronavirus bəlası sovuşsun, millətimiz əvvəlki həyatına qayıtsın. Amma, yooox, kimsə gizlicə küçəyə çıxır, polisə tabe olmur.
Anlamaq olmur ki, hər bağlıdırsa (kafe, market və s. ) insan niyə küçəyə çıxır? Sonra da sərt karantin rejimini pozanlar barəsində polis tədbir görəndə pis olur.
Gərək hamı küçəyə çıxsın, yoluxmalar fantastik səviyyədə artsın, xəstəxanalarda çarpayılar, oksigen balonları çatışmasın, ölənlərin sayı minlərlə olsun, İtaliyanın, İspaniyanın gününə düşək, onda polisə də, həkimə də, təcili yardıma da, Daxili Qoşunların əsgərinə də yalvaracağıq ki, imdadımıza çatın, bizi xəstəxanalara daşıyın.
İraq-iraq, biz qətiyyən bu fəlakəti arzulamırıq. Dövlətimiz, polisimiz də arzulamır deyə karantin sərtləşdirilib, küçəyə çıxmaq yasaqlanıb.
Elə bu yazı hazırlanarkən son xəbər beləydi ki, daha 314 nəfər yoluxub, 4 nəfər ölüb. Bizsə sosial şəbəkələrdə oturub karantini pozanlar barəsində ölçü götürən polisimizin işini yerə vururuq…
Vurun, hər işə “mız” qoymaqdan başqa əlimizdən nə gəlir ki?! Bizsə arzu edirik ki, Allah, xalqımızı dövlətimizi və polisimizi qorusun!!!
REPORTYOR.info
Arifə