
Bir qrup erməni deputat Rusiya Dumasında görüşlər keçirib.
Reportyor.info Rusiya KİV-lərinə istinadla xəbər verir ki, həmin görüşlər barədə erməni mətbuatına açıqlama verən Ermənistan parlamentinin Avrasiya İttifaqına İnteqrasiya komissiyasının sədri Mikael Melkumyan rusiyalı həmkarlarına Azərbaycana silah satışı məsələsilə bağlı narahatlıqlarını çatdırdıqlarını bildirib.
M.Melkumyan deyib ki, görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan ölkələrin üçüncü ölkələrə silah satışı məsələsi müzakirə edilib. Erməni deputatlar xüsusilə strateji hücum silahlarının Azərbaycana satılmasının onlara böyük problem yaratdığını bildirərək, bu cür müqavilələrə və Rusiyanın bu yöndəki siyasətinə yenidən baxılmasını xahiş ediblər: “Əlbəttə ki, Rusiya öz dövlət maraqlarından çıxış edərək, silah satışını həyata keçirir. Ancaq satışa böyük gücə malik, uzaq radiuslu strateji hücum silahları təklif olunursa, bu bizi narahat etməyə bilməz. Hətta baxmayaraq ki, Ermənistan həmin silahları Rusiyadan güzəştli şərtlərlə əldə edir. Axı Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqidir, Azərbaycan isə yox.”
Melkumyan bu məsələnin Dumanın MDB Komitəsinin sədri Leonid Kalaşnikov və vitse-spiker Pyotr Tolstoyla görüşdə də müzakirə olunduğunu və onlardan Azərbaycana silah satışı məsələsində Ermənistanın maraqlarının nəzərə alınmasını xahiş etdiklərini söyləyib. Deputatın dediyinə görə, rusiyalı həmkarları onların narahatlıqlarını anladıqlarını bildiriblər. Qərara alınıb ki, bu məsələ KTMT-yə üzv ölkələrin deputatlarının ümumi toplantısında da qaldırılsın.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfəri zamanı da işğalçı ölkənin rəhbərliyi Azərbaycana silah satışı məsələsini gündəmə gətirmişdi.




















