Ermənistanlı jurnalistlərdən sonra bu dəfə sözgedən ölkədə olan deputatlar Bakıya gələ bilər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşrində qəzeti məlumat dərc olunub.
Bildirilib ki, Azərbaycan və Ermənistan parlamentlərinin qarşılıqlı səfərlərinin təşkili məsələsi müzakirə olunur:
“Ermənistan-Azərbaycan barışıq prosesi çərçivəsində azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərindən sonra ikinci mərhələdə iki tərəfin deputatlarının qarşılıqlı səfərləri məsələsi müzakirə olunur.
Əldə etdiyimiz məlumata görə, ilkin müzakirələr olub. Məlumata görə, Azərbaycana səfərinə veto qoyulan yeganə deputat, Azərbaycan tərəfinin həddindən artıq millətçi hesab etdiyi Naira Zohrabyandır”.
Xatırladaq ki, 17-21 noyabr tarixlərində Azərbaycan və Ermənistan KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, işğal altında olan Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Azərbaycandan Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib. Ermənistandan isə Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerkanyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan və İctimai televiziyanın əməkdaşı Edqar Elbayan gəlib.