“Ümumtəhsil müəssisələrində rus bölməsində yerlər məhduddur. Təxminən 14 min yerimiz var və 18 min müraciət olursa, deməli, avtomatik olaraq 4 min şagird yerdə qalır”.
Reportyor.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, Azərbaycan təhsilində tədris Azərbaycan dilindədir və bu, heç kimin konstitusion hüququnun pozulması deyil:
“Azərbaycanda 6 il yaşayıb Azərbaycan dilini başa düşmürsə, sualı mənə yox, valideynə vermək lazımdır. Əgər uşaq 6 il ölkədə yaşayırsa, o, Azərbaycan dilini bilməlidir”.
Azərbaycan dilini bilməyən uşaqlara rus bölməsində yer tapılmaması məsələsinə gəlincə nazir deyib ki, rus bölməsində yerlərin sayının artırılması qeyri-mümkündür:
“Siniflərdə şagird sayı artırılsa sonra da şikayətlər olacaq ki, siniflərdə şagird sayı çoxdur. Rus bölməsində təhsilin keyfiyyətini qoruyub saxlamaq bu gün bizim üçün ən böyük problemdir. Çünki lazımi sayda müəllim yoxdur. Kifayət qədər vakansiya var, lakin lazımi sayda namizəd tapa bilmirik”.