“Düşünən İnsan” jurnalı tərəfindən 21 aprel 2018-ci ildə BMM-də “Beynəlxalq Yer günü”nə həsr edilmiş tədbir keçirilib.
Reportyor.info-nun məlumatına görə, aparıcının giriş nitqindən sonra jurnalın 7 illik fəaliyyətini əks etdirən video-təqdimat yayımlanıb. Təqdimatda qeyd olunub ki, 2011-ci ildən çap olunan “Düşünən İnsan” jurnalının artıq 44 sayı nəşr edilib. Jurnalda müasir elmi kəşflər, elmi nailiyyətlər, mötəbər elmi nəşrlərdə çıxan məqalələrin təhlillərinə, eləcə də sosial-əxlaqi mövzulara üstünlük verilir. Redaksiya heyəti həmçinin dövlətçilik və vətənpərvərlik mövzularını da daim diqqətdə saxlayır və bu səbəbdən Cənab Prezident İlham Əliyevin elm, təhsil, iqtisadiyyat, Qarabağ problemi kimi mövzularda çıxış və sözlərinə xüsusi yer ayırır.
Video təqdimatdan sonra söz BDU-nun “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, prof. Cahangir Məmmədliyə verilib. Prof. Cahangir Məmmədli çıxışında Azərbaycanda elmi jurnalstikanın inkişafı məsələlərindən bəhs edib və “Düşünən İnsan” jurnalının bu sahədə gördüyü təqdirəlayiq işlərdən danışıb.
Məruzəçilər Savalan Məmmədli və Rövşən Əkbərov jurnalın 42-ci və 43-cü saylarının materialları əsasında hazırladıqları “Yerdə həyatın yaranması və ilk sivilizasiyalar” mövzusunda çıxış ediblər. Savalan Məmmədli Yerdə həyatın yaranması, canlıların milyonlarla il ərzində dəyişməyən qalıqları, ara keçid formalarının olmaması, Kembri partlayışı dövrü və s. haqqında geniş məruzə edib. Rövşən Əkbərov isə ilk sivilizasiyalar və daş dövrü haqqında bilinməyən məqamlar, mağaralardakı qeyri-adi rəsmlər, Misir piramidalarının sirləri, İnk, Naska və s. sivilizasiyalar haqqında ətraflı məlumat verib.
Sonda tədbir iştirakçlarının sualları cavablandırılıb.
REPORTYOR.info