“Yaşadığım ev uçaraq belə vəziyyətə düşüb. Buna baxmayaraq, Ağdam Rayon İcra Hakimiyyəti və aidiyyatı qurumlar müraciətlərimə baxmır, köməklik göstərmir”. Reportyor.info xəbər verir ki, bu sözləri Ağdamın Səfərli kənd sakini Zəhra Səfərova prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevaya məktubunda yazıb.
Onun sözlərinə görə, aprel döyüşlərində kəndə düşən mərmilərin nəticəsində uçub yararsız hala düşən evinin təmirinə yardım olunmur. Ağdam sakini iki körpə nəvəsinin də bu şəraitdə yaşadığını diqqətə çatdırıb: “Qızım, kürəkənim və iki körpə nəvəmlə bu uçuq-sökük evin altında yaşayırıq. Hər an uçması gözlənilən evin bərpası üçün bizə kömək olun, cənab prezident, Mehriban xanım! Hörmətli Mehriban xanım, onu da əlavə edim ki, bu uçuq evin altında hər dəqiqə ölə biləcək nəvəm Allahverdiyev Elcan sizin sayənizdə əməliyyat olunaraq həyata qayıdıb. Sizin yaşatdığınız, həyat verdiyiniz, bir nəsli sevindirərək yaşatdığınız körpənin ailəsi yenidən sizdən imdad diləyir, bu uçuq daxmamıza yardım edilməsini gözləyir”.
REPORTYOR.info
https://www.youtube.com/watch?v=Cp3cEp7ZWIQ