Azərbaycan Ordusu 12 gün müddətində düşmən qoşunlarının müqavimətini ciddi şəkildə sarsıdıb. Buna sübut kimi Azərbaycanın işğal altında olan bir rayonunun və 12-dən çox kəndinin azad olunmasını göstərmək olar. Azərbaycan əsgərlərinin döyüş ruhu və düşmənə qarşı istifadə etdiyimiz ən müasir silahlar Ermənistan ordusunda ruh düşgünlüyü yaradıb. Ordumuzun ardıcıl əks-hücumları nəticəsində düşmənin hərbi bazalarına ağır zərbə vurulub. Nəticədə qarşı tərəfin silahlı qüvvələrində fərarilik halları artıb, onlar texnikalarını döyüş meydanında qoyub qaçırlar. Düşmən əsgəri anlayır ki, Azərbaycan torpaqlarından çıxmaqdan başqa yolu yoxdur. Ona görə də ölüb döyüş meydanında qalmaq istəmir. Bir sözlə, üstünlük tam olaraq bizim tərəfimizdədir. Əlbəttə ki, bu da qarşı tərəfi qıcıqlandırır və təxribatçı əməllərə vadar edir.
Ermənistan ordusunun döyüş meydanında uduzması, əsgərlərin hərbi texnikalarını döyüş meydanında qoyub qaçaması erməni cəmiyyətində ciddi etirazlara səbəb olub. İndi Paşinyana sual verirlər ki, hardadır “məğlubedilməz” Ermənistan ordusu? Paşinyan cavab verə bilmir. Çünki belə bir ordu olmayıb. Otuz il ərazində Ermənistanda hakimiyyətdə olan cinayətkar rejimlər ordunun “məğlubedilməzlik” mifini yaradıb. İndi Azərbaycan Ordusu o mifi darmadağın edir. Nəticədə erməni ailələri övladlarını döyüşdən yayındırmağa çalışır. Artıq bir neçə gündür ki, erməni gənclərin döyüşlərdən yayındıqlarına dair yeni sənədlər, faktlar ortaya çıxıb. Erməni ailələr mövcud reallığı başa düşür və övladlarının onlara məxsus olmayan Dağlıq Qarabağda döyüşməsini, öldürülməsini istəmirlər. Bu məqamlar Ermənistanın cinayətkar rejimində qıcıq yaradır. Ona görə də Azərbaycanın yaşayış mərkəzlərini atəşə tutmaqla təxribat törədirlər. Demək olar ki, hər gün Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri intensiv raket atəşinə turulur. Çox ehtimal, döyüş meydanında uduzan Ermənistan Azərbaycanın yaşayış məntəqələrini daha intensive atəşə tutmaq barədə əmr verəcək. Biz bu təxribatlara hazır olmalıyıq. Həm döyüş meydanında, həm arxa cəbhədə, həm də sosial şəbəkələrdə qurduğumuz birliyin, həmrəyliyin sarsılmasına imkan verməməliyik.
Döyüş meydanında uduzduğu üçün Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan düşmən Ermənistan sosial şəbəkələrdə də öz təxribatçı əməllərindən əl çəkmir. Ermənilər Azərbaycan dilində profillər, səhifələr açaraq cəmiyyətdə çaşqınlıq yaradan informasiyalar paylaşırlar. Azərbaycan vətəndaşları belə “fake” xəbərlərə inanmamalı, düşmənin yalanlarına alət olmamalı və yalnız rəsmi xəbərləri paylaşmalıdırlar. Biz Azərbaycan cəmiyyətindəki bu birliyi, həmrəyliyi düşmən qüvvələrinin pozmasına imkan verməməliyik. Xüsusilə, sosial şəbəkə istifadəçiləri belə məsələlərdə çox məsuliyyətli olmalıdır. Hər xəbərə inanmamalı, rəsmi olmayan xəbərləri paylaşmamalıdırlar. Müdafiə Nazirliyi çox operativ işləyir və cəmiyyətdə müharibə ilə bağlı informasiya boşluğunun yaranmasına imkan vermir. Vətən Müharibəsi çox mütəşəkkil çəkildə təşkil olunub. Biz də gərək cəmiyyət olaraq sona qədər bunu qoruyaq. Qələbə bizimdir!