Dünyada Covid-19 nəticəsində ölənlərin sayı 16 500 nəfəri keçib.
Reportyor.info xəbər verir ki, “Worldometer” saytının yenilənmiş məlumatlarına görə, 24 mart səhər etibarilə təhlükəli virusdan 16.558 nəfər həyatını itirib.
Ölümlərin ən çox sayı İtaliyada qeydə alınıb – 6,077 nəfər. Kontinental Çin siyahıda ikinci gəlir – 3277 ölü. İspaniya ilk üçlüyü tamamlayır, burada krallığın 2311 vətəndaşının təhlükəli virusdan öldüyü bildirilir.
Koronavirusdan yüksək ölüm İranda da qeydə alınıb – 1812 nəfər.
İlk dəfə yeni koronavirus növü (Covid-19) 12 dekabr 2019-cu ildə Çinin Hubey əyalətinin Vuhan şəhərində aşkar edilib və qısa müddət ərzində digər şəhər və ölkələrə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya olaraq tanıyıb.
Virus əsasən hava-damcı vasitəsiylə ötürülür, öskürək, asqırma, tüpürcək damcıları və ya burun axıntıları ilə yayıla bilir. Bundan əlavə, təmas yolu ilə yoluxma da mümkündür.
Ölümcül virus insandan insana hava-damcı yoluyla ötürülür. Xəstəliyin simptomları: yüksək qızdırma, boğaz ağrısı, öskürək, nəfəs darlığı və ishal. Sonradan ölümlə nəticələnən pnevmoniya və böyrək çatışmazlığı inkişaf edir.