İqtisadçı: “Təsirləri minimal həddə saxlamaq üçün ilk növbədə ölkənin valyuta ehtiyatlarını artırmalıyıq”
Dünya ölkələrində yenidən iqtisadi böhranın dərinləşəcəyi ilə bağlı məlumatlar dolaşır. Belə ki, Dünya Bankının ekspertləri bildiriblər ki, dünyada ÜDM məhsul sürətlə azala bilər. Bu səbəbdən ölkələr arasında iqtisadi qarşıdurmalar yaşanacaq. İnkişaf etməkdə olan bazarlarda borc öhdəliklərinə görə defolt yaşana bilər. Faiz dərəcələrinin artması ABŞ-da pul kredit siyasətinin zəifləməsinə səbəb olacaq deyə ekspertlər qeyd edib.
Məsələ ilə bağlı tarix üzrə fəlsəfə doktoru İbrahim Mehdiyev də özünün müəllif yazısında maraqlı fikirlər bildirib. O son dövrdə baş verən prosesləri sadalayaraq qeyd edib: “Ancaq iyunun 1-dən ABŞ-ın Avropa polad və alüminiumuna yüksək tarifləri qüvvəyə mindi, yəni neqativ gözlənti doğruldu. Bunun ardınca Avropa İttifaqı ABŞ-dan idxal olunan – Harley Devidson motosikllərindən cins paltar, quş əti və portağal suyuna qədər, 2.8 milyard avro dəyərində məhsullara tarifi yüksəltdi. ”Tit-for-tat”, yəni “qisasa qisas” adlanan cavab tədbirlər neqativ gözləntiləri daha da ağırlaşdırdı. Nəhayət, son olaraq, Donald Trampın “Böyük yeddilər”in Kanadadakı görüşünün yekun sənədini imzalamaqdan imtina etməsi, daha sonra qarşılıqlı ittihamların səsləndirilməsi vəziyyəti daha da ağırlaşdırdı. Dövlətlərin ticarət siyasətinin yaratdığı qlobal risk bütün başqa riskləri üstələdi. Artıq resessiya gözləntiləri yenidən artmağa başlayıb. Resessiya isə Avropa İttifaqında 1) istehsalın aşağı düşməsi, 2) iş yerlərinin bağlanması, 3) alıcılıq qabiliyyətinin məhdudlaşması, nəhayət, 4) ABŞ-la Avropa İttifaqı arasındakı ticarət müharibəsi avronun dəyər itirməsi deməkdir”.
Məlumat üçün onu da qeyd edək ki, dünyada ilk beynəlxalq iqtisadi böhran 1857-ci ildə baş verərək ABŞ, AFR, İngiltərə və Fransanın təsərrüfat və ictimai həyatına zərbə vurub. Böhranın səbəbi isə dəmiryol şirkətlərinin kütləvi iflası və aksiyalarının düşməsi olub. Fond bazarının çökməsi isə ABŞ bank sistemində böhrana şərait yaratmışdı.
Növbəti beynəlxalq iqtisadi böhran 1873-cü ildə Avstriya və Almaniyada baş verib.1873-cü ildə yaranan bu böhran iri maliyyə böhranı kimi qiymətləndirilirdi. Böhranın yaranmasına səbəb Latın Amerikasında kredit artımı və Almaniya, Avstriyada olan daşınmaz əmlak bazarının spekulyativ artımı olmuşdu. Hazırda da Amerika fərqli siyasətlər ortaya qoyur. Dünyada iqtisadi böhran dərinləşərsə, bunun Azərbaycan üçün hansı təsirləri olacaq?
“Yeni Müsavat”a danışan iqtisadi elmlər doktoru Fikrət Yusifov bildirib ki, hazırda böhranın simptomları görünsə də, tam böhran şəraitinin də olduğunu söyləmək doğru deyil: “Yəni 2007-2008-ci illərdə qlobal maliyyə böhranı ilə başlayıb, sonradan qlobal iqtisadi böhrana çevrilmiş vəziyyətin fəsadları bu günə qədər davam edir. Belə bir şəraitdə proseslərin bundan sonra necə davam edəcəyinə təminat yoxdur. Çünki hadisələrin siyasi müstəvidə necə davam etməsindən çox şey asılıdır. Dünənə qədər kimsə təsəvvür etmirdi ki, ABŞ prezidenti ilə Şimali Koreya rəhbəri arasında görüş baş tutacaq və onlar bir-birilərinin əlini sıxacaqlar. Dünya siyasi müstəvisində bu hadisə ilə yeni və gözlənilməz bir addım atıldı. O cümlədən Yaxın Şərqdə xüsusilə Rusiya və Qərb qarşıdurmasının hara qədər davam edəcəyi, nə ilə bitəcəyi də bilinmir. Bütün bunlarla yanaşı, həm də ABŞ-ın İrana qarşı sanksiyaları da var ki, bu da gündəmə gəlib. Bu hadisələr dünyanın siyasi müstəvisində proseslərin necə sürətlə dəyişməsinə işarədir. Təbii ki, siyasi müstəvidə baş verən hadisələr iqtisadiyyatdan da yan keçmir. Xüsusilə neftin qiymətləri ilə bağlı məqamlar da bura daxildir. Əgər neft hasil edən ölkələrin yerləşdiyi bölgələrdə hərbi, ictimai-siyasi gərginlik artırsa, bu, qiymətlərə də təsir edir. Bu gün neftin qiymətləri artıq 80 dollar civarındadır. Düzdür, artıq qiymətlərdə azalma prosesləri baş verir. Ancaq hər halda, nəzərə alaq ki, qiymətlər il yarım bundan öncə ilə müqayisədə xeyli yüksəkdir. Təbii ki, dünyada iqtisadi böhranın yenidən baş verməyəcəyinə heç bir təminat yoxdur”.
İqtisadçı bildirib ki, böhran dərinləşərsə, Azərbaycan özünü bundan sığortalamaq üçün addımlar atmalıdır: “İlk növbədə ölkə iqtisadiyyatının neftdən asılılığını optimallaşdırmaqla bağlı hökumətin müəyyən etdiyi proqramın qısa zaman kəsiyində reallaşmasına nail olmalıyıq. Neftin qiymətləri dünya bazarında çox qeyri-sabit durumdadır. Bu qiymətlər istənilən vaxt qalxa, istənilən zaman da enə bilər. Ona görə də iqtisadiyyatımızın dünya iqtisadiyyatında baş verən proseslərdən daha az asılı olması üçün bu məsələnin həllində sürətli hərəkətlər etməliyik. Dünyada baş verən iqtisadi böhranla bağlı fikirlərə gəlincə isə deyim ki, bu baş verərsə Azərbaycana da müəyyən təsirləri olacaq. Bu təsirləri minimal həddə saxlamaq üçün ilk növbədə neftin qiymətinin yüksək olduğu şəraitdə ölkənin valyuta ehtiyatlarını kifayət qədər artırmalıyıq. Eyni zamanda çalışmalıyıq ki, qeyri-neft sektorunun daha sürətli inkişafına nail olaq”.
Əli RAİS,
“Yeni Müsavat”