Görəsən, istər hökumət, istərsə də, cəmiyyət və fərd olaraq hansı səhvlərə yol verdik ki, ölkədə pandemiya sönməyə doğru gedərkən, gündəlik yoluxma 30 nəfər civarında olarkən, 300-ə qalxdı, ölkədəki xəstə sayı 10 dəfə artdı.
Baş epidemioloq Cəlal İsayev musavat/com-a vurğulay;b ki, dövlət qurumları, səhiyyə sistemi heç bir səhvə yol vermədi, sadə insanlar yol verdi: “Yoluxma sayı azalan günlərdə biz istədik ki, insanlar bir qədər sərbəst həyatlarına qayıtsınlar. Koronavirus hava-damcı yolu ilə keçən infeksiyadır. Burada əsas tədbir maskadan istifadə edilməsi, sosial məsafənin gözlənilməsi, gigiyenik qaydalara riayət və sosial təcriddir.
Xüsusən də ictimai yerlərdə, əhalinin sıx olduğu məkanlarda buna çox diqqət yetirmək lazım idi. Bizim insanlar isə çox laqeyd yanaşdılar, hər birimizin gözünün önündə baş verdi. Bu dəqiqə ölkədə vəziyyətin gərgin olduğu halda belə, yenə də maska taxan yoxdur, supermarketdə insanların biri maska taxıbsa 5-i taxmayıb. Yenə də avtobusda, metroda sıxlıq var, insanlar maskasız ictimai nəqliyyata minirlər.
Yaranmış vəziyyət insanların səhlənkarlığının nəticəsidir. Bu infeksiya azala da bilər, arta da bilər. Bizim ölkəmizdə vəziyyət fəlakətli həddə deyil, ölkə əhalinin 0,1 faizində yoluxma qeydə alınıb. Yoluxanların isə 1,2 faizində ağır nəticə var. Bu, yenə də yüksək göstərici deyil. Bizim qorxduğumuz isə odur ki, proses inkişaf edər, xəstə sayı arta bilər, bizim mövcud çarpayı fondumuz onları əhatə edə bilməz.
Süni tənəffüs aparatlarımızın sayı yetərli olmaz. Bu insanları məcburi surətdə, fiziki imkanlarımızın yetərsiz olmasından itirə bilərik. Bu baxımdan yenidən məcburi qaydada sərt karantin rejiminə qayıtmağa qərar verildi. Mən də bunun tərəfdarı deyildim, ancaq çarpayı fondumuz doldu, məcburi yeni xəstəxanaları koronavirus xəstələrinə ayırmalı olduq. Ona görə də bu qərar verildi. Artıq dünyanın hər yerində təkrar sərtləşdirmə tədbirlərinə qayıtmağa başlayıblar”.